3 May 2023 09:05
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ufuk xanım, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı təmsilçiyinin rəhbərisiniz. Ölkəmizdəki fəaliyyətiniz haqqında məlumat verməyinizi istərdik.

- Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı təmsilçiliyi 1997-cil ildə fəaliyyətə başlayıb. Buradakı fəaliyyətimiz geniş miqyasdadır. Ölkəmizdəki universitetlərdə azərbaycanlı tələbələr təhsil alırlar. Təmsilçiliyimiz azərbaycanlı tələbələrə sənəd məsələlərində dəstək olur, Azərbaycandan Kuzey Kıbrıs Türk Cumhuriyyətinə getmək istəyən gənclərə kömək edirik, onlara universitetlər haqqında məlumat veririk.

Bilirsiniz ki, bizim ölkədə təhsil yüksək səviyyədədir. Kuzey Kıbrıs Türk Cumhuriyyətində 21 universitet fəaliyyət göstərir və standartları çox yüksəkdir. Univesitetlərimizdə bütün ixtisaslar üzrə təhsil verilir. Univesitetlərin öz təqaüd proqramları var və azərbaycanlı gənclərə də təqaüd verirlər. Bu mövzuda maraqlanmaq istəyənlər Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinə müraciət edə bilərlər.

Hazırda ölkəmizdə təxminən 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Əvvəlki illərə nəzər salanda son illərdə bu sayda azalma müşahidə olunur. Tələbələrin başqa ölkələri seçməsi bu statistikaya təsir göstərir. Amma qeyd etdiyim kimi universitetlərimizdə təhsil yüksək səviyyədədir.

Bildiyiniz kimi Kuzey Kıbrıs Türk Cumhuriyyətinin rəsmi dili türk dilidir. Dinimiz, dilimiz eynidir, ortaq nöqtəmiz çoxdur. Ölkəmizdə təhsil almaq istəyən tələbələri məmnuniyyətlə gözləyirik. Biz konkret addımlar atmaqla ölkələrimiz arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafı istiqamətində səylərimizi davam etdiririk.

- Azərbaycan və digər türk dövlətləri ilə Kuzey Kıbrıs Türk Cumhuriyyəti arasında əlaqəni necə xarakterizə edərsiniz?

- Bakı Təmsilçiliyimizin əsas məqsədi Azərbaycanla Kuzey Kıbrıs Türk Cumhuriyyəti arasında mövcud olan qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək və genişləndirməkdir.

Kuzey Kıbrıs Türk Cumhuriyyətinin qardaş ölkə olan Azərbaycanda xalq tərəfindən daha çox tanınmasını istəyirik. Fəaliyyətimiz bu istiqamətdədir. Düşünürük ki, iki ölkə arasında sosial və mədəniyyət sahələrində daha nə işlər görə, hansı layihələri həyata keçirə bilərik. Bununla yanaşı ölkəmizdən Azərbaycana sənətçiləri gətirmək, yaxud əksinə Azərbaycandan ölkəmizə sənətçiləri tədbirlərə dəvət etməyi planlaşdırırıq. Bununla bağlı layihələrimiz var.

Mayın 28-də Azərbaycanın Respublika Günü ilə bağlı ölkəmizdəki Yakın Doğru Universitetimiz tərəfindən azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil edəcək. Bu, universitetimizin öz təşəbbüsüdür və Azərbaycana verdiyimiz dəyərin bir göstəricisidir.

Eyni zamanda iki ölkə arasındakı dostluğun daha da möhkəmləndirilməsini təmin etməkdir. Xalqımız Türkiyədəki zəlzələ fəlakətindən sonra çox çətin günlərdən keçdi və keçirik. Bütün vəfat edən bacı-qardaşlarımıza Allahdan rəhmət, sağ qalanlara səbr diləyirik.

- İki ölkə arasında əməkdaşlığımız daha çox hansı sahədə inkişaf edib?

- Kuzey Kıbrıs Türk Cumhuriyyətinin iqtisadiyyatında iki lokomotiv sektor var: turizm və ali təhsil. Bu iki sahə bizim üçün çox önəmlidir. İqtisadiyyat sahəsində bizi gücləndirən sektorlardır. Yaxın günlərdə Bakı Ekspo Mərkəzində turizm sərgimiz baş tutdu. Tədbirimizdə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyindən böyük bir heyətimiz iştirak etdi. Kuzey Kıbrıs Türk Cumhuriyyətinin stendinə diqqət olduqca çox idi.

Azərbaycanlı qardaşlarımız sərgimizdə iştirak etdilər, rəsmlərimizlə maraqlandılar. Təbii ki, çox sayda azərbaycanlı qardaşlarımızın ölkəmiz haqqında daha məlumatlı olmasını istərdik. Çünki çox zəngin bir mədəniyyət tariximiz var. Tarix boyu ölkəmizdən çoxlu sivilizasiyalar keçib və təbii olaraq zəngin mədəni irs qoyub gedib. Ancaq Kuzey Kıbrıs Türk Cumhuriyyətinində turizm sektoru təkcə dəniz, günəş və qumdan ibarət deyil. Hər növ maraq və hobbi üçün seçimlər var.

Ölkəmizdə mətbəx, mədəniyyət, tarixi mədəni irs, sağlamlıq turizmi daha da inkişaf etməkdədir. Ölkəmizdə təxminən 1500-ə yaxın Azərbaycan vətəndaşı yaşayır. Biz buna görə xoşbəxtik. Çünki onların ailə üzvləri, qohumları da Kuzey Kıbrıs Türk Cumhuriyyətinə gələrək ölkəmizi daha yaxından tanımaq fürsəti əldə edir.

- Kuzey Kıbrıs Türk Cumhuriyyəti türk dövlətləri təşkilatında müşahidəçi üzv qəbul edildi. Bu prosesi necə qiymətləndirirsiniz?

- Kuzey Kıbrıs Türk Cumhuriyyətinində Türk Dövlətləri Təşkilatına (TDT) 2022-ci ildə noyabrın 11-də müşahidəçi üzv qəbul olundu. Bu bizim üçün çox önəmli və anlamlı bir hadisədir.

Bildiyiniz kimi, Kıbrıs türk xalqı uzun illərdir ki, haqsız və təkbaşına izolyasiya altındadır. Bu izolyasiya sosial, mədəniyyət, idman və bütün sahələrdə fəaliyyətlərimizə əngəl törədir. Çox şükür ki, yanımızda Ana Vətən Türkiyə Cümhuriyyəti var. Türkiyənin dəstəyi ilə öz ayağımız üzərində dururuq.

Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması ölkəmizin Türk dünyasının ayrılmaz bir parçası olduğunun da göstəricisidir. Çünki Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmaqla türk dünyasında özümüzü daha rahat və azad ifadə etmək imkanına sahib olduq.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə əlaqələrimizin daha da inkişaf edəcəyinə inananırıq. Bunu da ilk gündən etibarən hiss edirik. Çünki Türk Dövlətləri Təşkilatı çox fəaldır və bir çox təsirləri var. Ona görə də yuxarıda qeyd etdiyim kimi özümüzü ifadə etmək şansına sahibik.

28 aprel 2023-cü il tarixində Şimali Kipr Türk Cümhuriyyəti Məclisi yekdilliklə Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv kimi qəbul edilib. Bu, bizim üçün şərəf və sevinc hadisəsidir. Bu üzvlük dövlətimizin türk dünyasının ayrılmaz bir parçası olduğunun sübutudur.

- Kuzey Kıbrıs Türk Cumhuriyyətinin ölkəmizdəki sayca səkkizinci və ikinci dəfə təyin edilən səlahiyyətli nümayəndəsiniz. Xanım səfir kimi sizin ölkəmizdə ilk olaraq diqqətinizi nə çəkdi?

- Azərbaycana ilk dəfə gələndə Bakının arxitekturası diqqətimi çəkdi. Modern və qədim binların görünüşü çox gözəldir. Şəhərin memarlığı və planı yüksək səviyyədədir. İnsanların ailələri ilə çöldə vaxt keçirməsi üçün məkanlar çoxdur. Parklar çox gözəldir. Xanımlar hər zaman çox şıq geyinirlər və təmizdirlər. Xanımların kəlağayıdan istifadə edərək Azərbaycanının mədəniyyət simvolunu yansıtmaları yaxşı haldır. Məsələn, Türkiyədə kəlağayı istifadə edən xanım görəndə azərbaycanlı olduğunu bilirik. İnsan sevinir və xoşbəxt olur.

Azərbaycanda insanlar səmimi və mehribandırlar. Ona görə deyirik ki, özümüzü vətənimizdəki kimi hiss edirik. Azərbaycanda öz istəyimlə ikinci dəfə səfir kimi fəaliyyətimə davam edirəm. Buraya öz istəyimlə gəlmişəm. Çünki özümü evimdəki kimi hiss edirəm. Bir ölkədə insanların istiqanlılığı, yaxınlığı sizi o ölkəyə yaxınlaşdıran ən önəmli özəllikdir. Buna səbəblə də Azərbaycanı sevirik.

İstərdim ki, daha çox vətəndaşımız Azərbaycana gəlib, qardaş Azərbaycanı və xalqını yaxından görsün, tanısın, ənənələrini öyrənsin, ümumi cəhətlərimizi bilsin.

- Söhbətimizin sonunda ölkəniz ilə bağlı nə demək istərdiniz?

- Kuzey Kıbrıs Türk Cumhuriyyəti Azərbaycandan fərqli olaraq ada dövlətidir. Kıbrıs adası Aralıq dənizi sahilində Siciliya və Sardiniyadan sonra Aralıq dənizinin üçüncü böyük adasıdır. Bu səbəbdən də düşünürəm ki, Azərbaycan xalqı üçün fərqli istirahət məkanı ola bilər.

Ölkəmizin ərazisi 3.355 kvadrat kilometrdir. Anadolu yarımadasının 65 km cənubunda yerləşən Kıbrıs adası tarixin hər dönəmində strateji, siyasi, ticari və dini səbəblərlə tarixin hər dövründə cazibəsini itirməyən bir yer olub. Ölkəmizin iqlimi il boyu tətil və istirahət etmək üçün əlverişlidir. Möhtəşəm təbiəti, endemik bitki və heyvan növləri, Aralıq dənizi sahilləri, mədəniyyəti və zəngin tarixi ilə Azərbaycanlı qardaşlarımızı qəbul etməyi gözləyən qardaş ölkədir.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə inandığımı bildirmək istərdim.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər