6 May 2023 16:22
5 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Azərbaycanla Ermənistan Xarici İşlər nazirləri arasında 4 günlük danışıqlarda bir çox məsələlər müzakirə edildi. Bu zaman çərçivəsində Vaşinqtonda baş tutan görüşlərin gedişi ona dəlalət edir ki, reallıq tamamilə başqadır. Bu elə bir reallıqdır onu mütləq nəzərə almaq lazımdır. Bu reallığı isə yaradan məhz Azərbaycandır. Burada hər hansı bir başqa variant olsa idi uzunmüddətli danışıqlara ehtiyac yaranmazdı. Ona görə də, baş verənlər fonunda elə məsələlər var ki, onlar inkar etmək mümkün deyil.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, ilk növbədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi burada başlıca amildir:

“Eyni zamanda heç kəsin Azərbaycanın bərpa edilmiş ərazi bütövlüyünə müdaxilə etmək ixtiyarı yoxdur. Faktiki olaraq Laçın yolunun girişində Azərbaycanın nəzarət-buraxılış postu olmadığına görə buradan üçüncü tərəflər də istifadə edirdi. Burada başlıca prinsip ərazinin tam nəzarətdə olması yəni, giriş-çıxışlarda sərhəd-buraxılış postunun olması amilir. Bu amil təmin olunduqdan sonra tam suverenlikdən danışmaq olar. İndi isə Azərbaycan öz suverenliyini tam bərpa edib”.

Millət vəkili hesab edir ki, indiki halda Qarabağla bağlı hansısa müzakirələr aparmaq niyyətində olan qüvvələr burada “status” və başqa mənalarda Azərbaycana qarşı heç bir təsir və təzyiq imkanlarına malik deyillər:

“Bu artıq mümkün deyil. Çünki Qarabağda baş verənlər Azərbaycanın daxili işidir. Burada yaşayan erməni əsilli insanlar digər etnik azlıqlar kimi ölkə qanunlarına tabe olaraq konstitusiyamıza uyğun verilən hüquqlarla yaşaya biləcəklər”.

Deputata görə, məhz Vaşinqton danışıqları da ona görə, bu səviyyədə baş verdi ki, erməni tərəfi burada Azərbaycanın təqdim etdiyi məsələlər daxilində sözlərdən, ifadələrdən özləri üçün bir yer axtarmağa, istinad tapmağa cəhd edib:

“Məqsəd isə əldə ediləcək sənədə hansısa ikili yanaşmaları qoşmaqdan ibarət idi. Azərbaycanın təklif etdiyi sülh sənədində terrorizmə, kənar müdaxilələrə, separatizmə qarşı vacib məsələlər öz əksini tapıb. Əslində bu hamı üçün aydın olan bir məsələdir. Ermənistan isə burada iki məsələ ilə razılaşsa da separatizm sözünün üstündən xətt çəkir. Bu da ona dəlalət edir ki, onlar başqa bir ölkənin daxilində separatizmi dəstəkləməyə imkan axtarırlar. Amma bütün bunlara qarşı Azərbaycan diplomatiyası özünün adekvat mövqeyini ortaya qoyub. Sadəcə olaraq burada erməni tərəfini müdafiə edən gözə görünməz qüvvələr var. Onlar da bütün imkanlarını və səylərini ortaya qoyublar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə burada ikibaşlı məsələlər əksini tapsın. Azərbaycan tərəfi isə bütün bunların hamısını çox yaxşı görür”.

Səməd Seyidov Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda vermiş olduğu mesajın bütün bu cəhdlərə qarşı ünvanladığını söyləyib:

“Ölkə başçısı vurğuladı ki, artıq bəzi məsələlərdə bu kimi siyasi təzyiqləri heç nəzərə də almaq lazım deyil. Ermənistan üülh müqaviləsini imzalamaqdan imtina edirsə, bu onun özünə ziyan verəcək. Əgər sərhədlərin delimitasiyasını da Ermənistan tərəfi həyata keçirmək istəmirsə, Azərbaycan sərhədlərin harada keçdiyini özünü tənmin edəcək. Eyni zamanda erməni tərəfi hansısa bir təxribata əl atacaqsa, buna daha sərt cavab veriləcək. Onlar atdığı bütün təxribatçı addımlara görə Azərbaycanın adekvat, sərt reaksiyası ilə üzləşəcəklər. Nəhayət, erməni tərəfi anlamalıdır ki, prosesləri siyasi cəhətdən dəyişdirmək mümkündürsə, reallığı dəyişdirmək mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər