8 May 2023 20:22
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Fransada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, fransız diplomatlar, tədqiqatçılar, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə həsr edib, onu düşdüyü çətinlikdən çıxararaq dirçəldib.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi Şarl dö Qoll ilə müqayisə edən diplomat xalqı üçün çətin anlarda hakimiyyətə gələn hər iki dövlət rəhbərinin ölkələrinin inkişafına verdiyi töhfədən danışıb. Qeyd edilib ki, Ulu Öndərin strateji kursunun uğurla davam etdirilməsi ölkəni regional və beynəlxalq səviyyədə nüfuzlu aktora, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirib.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən Ümummilli Liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, Heydər Əliyev kimi böyük şəxsiyyəti görmək arzusu ilə Naxçıvana getməsindən, Ulu Öndərlə ilk görüşündən söz açıb. Azərbaycanın ən çətin vaxtlarında Naxçıvana gedən ilk səfir olduğunu diqqətə çatdıran diplomat vurğulayıb ki, o vaxt Azərbaycanı çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi. Diplomat qeyd edib ki, məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan inkişaf etməyə, bütün sahələrdə dirçəlməyə başladı.

Tanınmış tarixçi və geosiyasət üzrə ekspert Aleksandr Adler Versal sarayında Ulu Öndərlə ilk görüşündən söz açaraq deyib: “Tanrı bu şəxsiyyəti öz xalqına son dərəcə mürəkkəb bir tarixi məqamda xilaskar olaraq göndərmişdi. Ötən əsrin 80-ci illərin ikinci yarısında Sovet İttifaqı rəhbərliyində Heydər Əliyevə qarşı yaradılan maneələr onu əsla ruhdan salmadı”.

Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdarkən ölkə parçalanmaq təhlükəsində olduğunu, onun müdrikliyi, bacarığı, dərin zəkası sayəsində Azərbaycanın qısa müddətdə yenidən dirçəltdiyini vurğulayıblar. Eyni zamanda, Heydər Əliyev strategiyası sayəsində Azərbaycanın bütün regionda sabitliyin qarantına çevrildiyi diqqətə çatdırılıb.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə baxış olub.

Tədbir etno-caz konsert proqramı ilə davam edib. Konsertdə Etibar Əsədli (piano), Şəhriyar İmanov (tar), İmamyar Həsənov (kamança), Teddi Sorres (kontrabas), Yoan Şmidt (zərb alətləri) müşayiəti ilə Azərbaycan xalq mahnıları “Sarı gəlin” və Küçələrə su səpmişəm”, “Fəridəm”, “Qara qaşın vəsməsi”, eləcə də Səid Rüstəmovun “Hardasan”, Ş. İmanovun “Ağlayan şəlalə”, E. Əsədlinin müəllifi olduğu kompozisiyalar ifa edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər