Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü başa çatar-çatmaz Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə liderlərin görüşü təyin edildi. Görünən budur ki, Qərb prosesdə Rusiyanı üstələmək üçün irəli keçməyə çalışır. Bu fonda, nəhayət, Qərbin obyektiv olacağına dair bir gözlənti də yaranıb. Siz bu haqda necə düşünürsünüz?
- Vaşinqton görüşü ilə əlaqəli ilkin təəssürat pozitiv oldu. Prinsipial məsələlər üzrə anlaşma olmasa da, uzunmüddətli durğunluqdan sonra cüzi də olsa, irəliləyiş baş verdi. Bu o deməkdir ki, ümumilikdə proses yerindən tərpənib. Bundan narahat olanlar var, bunlardan biri də məhz Avropa Birliyidir. Hazırda Avropa Birliyi Cənubi Qafqaza birbaşa təsir mexanizmlərinə malik deyil, amma bu region onun maraqları çərçivəsindədir. Hər dəfə fürsət düşdükcə, vasitəçi kimi araya girərək Cənubi Qafqazda yerləşməyə çalışır.
Nazirlərin Vaşinqton danışıqları davam edərkən Rusiyadan belə bir mesaj gəldi ki, növbəti görüş Moskvada olacaq. Amma sonra məlum oldu ki, Moskvada olmayacaq və o buna hazır deyil. Eyni zamanda, tərəflərdən Moskva görüşünü istəməyən olub. Ortaya bir iddia atıldı ki, guya bunu Ermənistan istəməyib. Amma Paşinyan mayın 9-da qaça-qaça Putinin yanında gedəndə məlum oldu ki, buna razılığı Azərbaycan verməyib. Bu durumda da Avropa Birliyi irəli düşməyə çalışır.
Avropa Birliyinin bölgəyə sülh və sabitlik gətirəcəyini düşünmək sadəlövhlükdür. Məsələn, Rusiya 2008-ci ildə Gürcüstan ərazilərini işğal edəndə Avropa Birliyinin buna hansı formada təsiri oldu? Avropa Birliyi sadəcə danışıqlarda bir rolunun olması üçün monitorinq missiyası təşkil etdi. Avropa Birliyinin bu missiyası hələ də Gürcüstandadır. Bölgədə yerləşərkən guya məqsədləri vardı ki, hansısa addımı atacaqlar, müəyyən razılığa gələcəklər, ruslar geri çəkiləcəklər və sair. Amma sonra məlum oldu ki, ümumiyyətlə, Avropa Birliyi Rusiyanı yox, Abxaziya və Cənubi Osetiyanı (separatçıları) Gürcüstana “tərəf” kimi göstərməyə çalışır. Bu, həmin dövrdə Abxaziya və Cənubi Osetiyanı danışıqlarda “tərəf kimi legitimləşdirmək cəhdi” idi.
İndi Azərbaycan-Ermənistan danışıqları ilə bağlı da Avropa Birliyinin vasitəçi kimi xronologiyasını nəzərə alsaq, prosesdə faydalı ola biləcəyini düşünmürəm. 2021-ci ilin noyabrında gərginlik olur, bundan sonra Avropa Birliyi danışıqlara qoşulur, 2022-ci ilin Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə onlayn formatda görüş keçirilir, apreldə Brüsseldə görüş baş tutur, ardınca, sentyabr qarşıdurmasından sonra Avropa Birliyi mülki missiya formasında bölgədə (Ermənistanda) yerləşir, iki aylıq mülki missiya başa çatdıqdan sonra bu, yarıhərbi missiya ilə əvəz edilir və sair. Yəni Avropa Birliyinin təşəbbüslərindən böyük gözlənti olmamalıdır.
Sadəcə Avropa Birliyi görür ki, ABŞ prosesdə önə keçib və onun vasitəçiliyi ilə cüzi də olsa, danışıqlarda irəliləyiş var, ona görə də fəallaşmağa çalışır. Onu da xatırladım ki, Avropa Birliyi ABŞ-dan əvvəl vasitəçi kimi prosesə qoşulmuşdu. Avropa Birliyi Azərbaycan ərazisində gedən 44 günlük müharibə başa çatar-çatmaz Ermənistanın “dağılmış infrastrukturuna görə” İrəvana 2.6 milyard avro maliyyə yardımı da ayırdı. Görünən budur ki, gərginlikdən istifadə edərək Ermənistanda yerləşən Avropa Birliyi danışıqlarla bunu genişləndirmək istəyir.
- ABŞ və Avropa Birliyinin prosesə yanaşmalarında fərqlər varmı, varsa, nələrdən ibarətdir?
- Əlbəttə, fərqlər var. Dediyim kimi, Avropa Birliyinin məqsədi bölgədə genişlənmək və uzun müddət burada maraqlarının təmsilçisi olmaqdır. Hazırkı mərhələdə Amerikanın belə bir istəyi yoxdur. Zatən, burada təmsil olunur. Məsələn, ABŞ-ın Gürcüstanda hərbi bazaları var. Hər şey plana uyğun gedərsə, Gürcüstan sonrakı mərhələdə NATO üzvü olacaq. Bundan başqa, ən əsas və ən böyük bir amil də var. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Türkiyə ilə - NATO-nun ikinci hərbi gücüylə Şuşada müttəfiqlik bəyannaməsi imzalayıb. Yəni paralel olaraq, ABŞ-ın regionun digər dövlətlərindən də təmsilçiliyi var. Məsələn, ABŞ Azərbaycanla strateji tərəfdaşdır. ABŞ-ı Avropa Birliyindən fərqləndirən də budur. Düzdür, Avropa Birliyi ilə də strateji tərədaşlığımız da var, amma bu, əsasən, Avropanın enerji təhlükəsizliyi ilə bağlıdır. Amerika ilə isə fərqlidir: biz həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada müəyyən sahələrdə, Avropanın enerji təhlükəsizliyini təmin edən beynəlxalq projelərdə və digər qlobal layihələrdə, eləcə də təhlükəsizlik sahəsində trəəfdaşıq.
Avropa Birliyi ilə bizim əməkdaşlığımız var, ABŞ-la isə strateji tərəfdaşıq. Bu gün Avropa Birliyinin gücü o qədər də böyük deyil. Avropa Birliyi bu gün sadəcə bəlli qrupların əlində vasitədir. Avropa Birliyinin Avropa Şurası. Avropa Parlamenti və sair kimi təsisatları Soros, Çin və digər siyasi qrupların əllərində bir oyuncaqdır. Bu səbəbdən də fərqli məqamlar var.
- İyunun 1-də isə Moldovada dördtərəfli görüş də olacaq. Avropa Birliyi və Fransa liderləri ilə yanaşı, ilk dəfə Almaniya Kansleri Olaf Şolz da müzakirələrə qatılacaq. Almaniyanı masaya gətirən səbəblər haqda nə deyə bilərsiniz?
- Olaf Şolzun prosesə qoşulmasının əsasları var. Almaniya Rusiyanın Avropa Birliyindəki qaz monopoliyasında və ya şəbəkəsində tərəfdaşdır. Rusiyanın qaz şəbəkəsində paylayıcı ölkə də Almaniyadır. Rusiyanın Avropada qaz şəbəkəsinin şaxlənməsində əsas rolu oynayan da bu ölkədir.
Almaniyanın danışıqlardakı gələcək rolu ilə bağlı pozitiv heç nə deyə bilmərəm. Almaniya ilə yanaşı, Fransa da bu gün beynəlxalq proseslərdə təsir gücü olan ölkələr deyil. İstər Almaniya, istərsə də Fransa çox rahat şəkildə Avropa Birliyindən çıxa bilər. Marin Le Pen də bu günlərdə Fransada keçiriləcək seçkilərə qatılacağını açıqlayıb. Onun seçki kampaniyasının əsasında məhz Fransanın Avropa Birliyindən ayrılması məsələsi durur. Rusiya bütün şəbəkəsini işə salıb ki, Makron qalsın. Çünki Marin Le Penin iştirak etdiyi istənilən seçkidə qarşı tərəf udur. Çünki adam adekvat deyil, Avropa Birliyinin xarici siyasəti haqda dərin təsəvvürləri yoxdur.
Belə siyasətçilər bizdə də, digər ölkələrdə də var. Məsələn, Türkiyə prezidentliyinə namizəd Kılıçdaroğlu səmi şəkildə inanır ki, Çinə yol çəkə bilər. Adam guya Ərdoğana alternativ fikirlər irəli sürməyə çalışır, amma son açıqlamalarından məlum olur ki, o, Türkiyənin əsas, vacib strateji tərəfdaşı və müttəfiqi – Azərbaycan haqda məlumatlı deyil. Bu adam belə bir tərəfdaşı küsdürməyə yönəlik xarici siyasət prioritetlərini seçkidə elan edir. Eyni sözləri Marin Le Pen haqda da deyə bilərik. Kılıçdaroğlunun fikirlər Türkiyə üçün nə qədər “faydalı”dırsa, Le Penin iddiaları da Fransaya o qədər “faydalı”dır.
Kişinyov görüşünə gəlincə, bundan da böyük gözləntim yoxdur. İkitərəfli təmasların daha faydalı ola biləcəyi qənaətindəyəm. ABŞ da hələ 44 günlük müharibədən sonra bildirmişdi ki, görüşlər birbaşa olmalıdır. Eyni yanaşmanı Azərbaycan prezidenti də elan etmişdi, dəfələrlə bunu dilə gətirib. ABŞ da belə fikirləşir. Avropa Birliyi qabağa keçdi, ABŞ da proseslərin hara qədər inkişaf edəcəyini izləməyə başladı. Gedişat isə göstərdi ki, Avropa Birliyi üçün onun öz maraqları vacibdir. Ümumiyyətlə, prosesdə üçüncü tərəf varsa, bu, artıq üçüncü maraq deməkdir. Bunun ABŞ, Avropa Birliyi, Rusiya olmasının fərqi yoxdur. Məsələ iki tərəf arasında həllini tapmalıdır. Bu baxımdan, növbəti faydalı görüş yenə bunu dəstəkləyən ABŞ-da ola bilər. Nə Fransa, nə Almaniya, nə də Avropa Birliyindən müsbət nəsə gözləyirəm. Məsələn, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton danışıqları ilə bağlı müsbət mesaj verən kimi, Fransa Xarici İşlər Nazirliyi prosesi sabotaj edən bəyanat yaymışdı.