Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-ü Brüsseldə gözlənilən növbəti görüşü sülh prosesi istiqamətində atılacaq mühüm addımlardan biridir. Bir neçə gün öncə xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşlərindən sonra tərəflərin yenidən bir araya gəlməsi göstərir ki, Azərbaycanın təklif etdiyi sülh təklifləri həm Ermənistan rəhbərliyi, həm də dünya dövlətləri tərəfindən qəbul olunur. İki ölkə arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün vacibdir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev Azərbaycan və Ermənistanın siyasi liderlərinin Brüsseldə keçiriləcək görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçiriləcək görüş daha sonra Moldovanın paytaxtı Kişinyovda davam etdiriləcək: “Kişinyovdakı görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltzun da qatılacağı bildirilir. Nəzərə almaq lazımdır ki, daha öncə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş olub. Həmçinin bu ilin fevralında Azərbaycan və Ermənistan liderləri Münhendə ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə görüşüblər. Ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dörd gün davam edən sülh danışıqlarından sonra bəyan edildi ki, tərəflər bir çox mürəkkəb məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması üçün ciddi irəliləyişə nail olublar”.
Politoloqa görə, daha çox ziqzaqlı siyasi açıqlamaları ilə yadda qalan Paşinyan çox asanlıqla dünən dediyi sözü dana bilir: “Paşinyan Ermənistan parlamentindəki çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan və sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu yoxdur. Eyni zamanda Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün hansısa xəritələrlə bağlı spekulyasiyalara yol verir. O, Azərbaycanla sərhədlərin 1975-ci ilin xəritələri əsasında dəqiqləşdirilməsinin vacibliyini bildirib. Bəs 1975-ci ilə qədər SSRİ tərəfindən Azərbaycandan alınaraq Ermənistana verilmiş torpaqların aqibəti necə olacaq? Təbii ki, Azərbaycan tərəfinin də bununla bağlı öz arqumentləri var. Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin Azərbaycana qaytarılması rəsmi Bakı tərəfindən hər zaman tələb kimi ortaya qoyulub. Bundan başqa Zəngəzur dəhlizi Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir və onun açılmasını İran və Ermənistandan başqa bütün dövlətlər, beynəlxalq təşkilatlar dəstəkləyir. Bu mənada dövlət başçılarının növbəti görüşündə sükun sülh müqaviləsinin imzalanacağını sözyləmək çətindir. Həra halda bir neçə bənd üzrə razılıq əldə edilə bilər”.
R.Alıyev onu da qeyd edib ki, Paşinyan həmçinin imzalanacaq sazişin icrasına beynəlxalq təminat mexanizminin olmasını istiyir: “Söhbət sazişin icrasına nəzarət edəcək və ya zamin duracaq ölkələrin müəyyən edilməsindən gedir. Görünür, Paşinyan Azərbaycanın hərbi, siyasi və diplomatic gücünün qarşısında zəif olduqlarını yaxşı başa düşür. Ya da məqsədli şəkildə sülh prosesini uzadır. Paşinyanın danışıqlarda hər dəfə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə beynəlxalq təminat mexanizmi tələb etməsi də bi sıradandır. Azərbaycan heç zaman imzalanacaq hansısa sənəddə "Dağlıq Qarabağ" ifadəsinin yer almasına imkan verməyəcək. Ən maraqlısı, Rusiyanın imzalanması ehtimal olunan sülh sazişinə münasibətidir. Moskvanın Qərbin təşkilatçılığı ilə imzalanacaq sənədə isti münasibət sərgiləcəyini gözləmək çətindir. Kreml Qarabağ məsələsilə bağlı bütün razılaşmaların 10 noyabr bəyanatına uyğun olaraq üçtərəfli qaydada əldə edilməsinə çalışır”.