Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 12-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qarşı tərəfə məlumat verib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.