16 May 2023 10:12
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan və Ermənistan yenidən Brüssel formatında sülh danışıqları müstəvisinə qayıtdı. Bu baxımdan son görüşün nəticələri haqqında müsbət yanaşmalar var. Əldə edilən razılaşmaların sonrakı dövr üçün təsirini necə şərh etmək olar?

- Mayın 14-də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüş bir çox məqamlara görə diqqətçəkən oldu. Sözsüz ki, bu görüşlərdə siyasi əhəmiyyətli məsələlər ikinci dərəcəli amil olub. Çünki siyasi problemləri həll etmək üçün Brüssel formatı o qədər də təsirli deyil. Burada Ermənistan tərəfindən ərazi bütövlüyü ilə bağlı açıqlanan bəynatlara diqqət etmək lazımdır. Paşinyan bu məsələdə ikitərəfli məsələlərdə belə bir ifadənin istifadəsindən boyun qaçırır. O daha çox çoxtərəfli sənədlərə istinad edir. Paşinyan növbəti dəfə 1991-ci ilin Almatı sənədlərinə istinaddan bəhs edib. Başa düşür ki, onların orada hansısa bir düzəlişi var. Bu düzəlişi onlar hələ də qüvvədə saxlayır. Ona görə də, bu məsələdə açıq aşkar manipulyasiya edilir. Çünki son Vaşinqton görüşü onu göstərdi ki, ermənilər ərazi bütövlüyünü tanımaq istəmir. Sözsüz ki, Brüsseldən İrəvana qayıtdıqdan sonra Paşinyanın ayrı bir fikir söyləməsi də qaçılmazdır.

- Regional kommunikasiyaların açılması Avropa İttifaqı üçün nə dərəcədə önəmli hesab edilir?

- Burada tərəflərin mövqeyinə Azərbaycanın real yanaşması var. Əslində Avropa İttifaqı iqtisadi qurum olduğuna görə, burada bölgə üçün vacib olan kommunikasiyaların bərpası məsələsində fəallığı göz önündədir. Bu da o deməkdir ki, regional layihələrə onlar hansısa bir formada maliyyə ayıra bilər. Ona görə də, Mişelin bəyanatı siyasi yanaşmaları ikinci dərəcəli amilə çevirib. Hətta burada olan məsələlərin mahiyyətinə görə, Brüssel formatının saxlanması ilə bağlı maraq da mövcuddur. Məqsəd də regional layihələrə hansısa bir formada Avropa İttifaqından mümkün maliyyə dəstəyinin alınması ilə bağlıdır.

- Azərbaycan və Ermənistanın ərazisinin qarşılıqlı olaraq tanınmasını bilavasitə sonrakı mərhələdə erməni tərəfininin torpaq iddiasından imtinası kimi izah etmək olarmı?

- Burada dövlətlərin əraziləri ilə bağlı konkret rəqəmlərin vurğulanmasına da növbəti erməni oyunu kimi baxmaq lazımdır. Əgər Ermənistan elə ərazi bütövlüyü tanıyan dövlət idisə, bunu Vaşinqtonda da edə bilərdi. Sadəcə olaraq burada Ermənistan rəhbərliyi çox tərəfli sənədlərə istinad edərək belə bir açıqlama verir. Burada Ermənistan BMT Nizamnaməsinə, Almatı sənədlərinə istinad etməsi hədəfi yayındırmaqdan başqa bir şey deyil. Çünki burada erməni hiyləgərliyi açıq aşkar görünür. Ona görə də, burada siyasi məsələlərə bir qədər də fikir vermək lazım deyil. Burada əsas məsələ Avropa İttifaqının kommunikasiyaların açılması ilə bağlı dəstəyidir.

- Sülh sazişi olmadan kommunikasiyaların açılması hansı məntiqlə mümkün görünür?

- Burada Zəngəzur dəhlizinin açılması başlıca amil kimi önə çıxır. Burada dəhlizə aid xüsusi qaydaların tətbiqindən bəhs edilir. Çünki Azərbaycanın tələbi odur ki, əgər bölgədə kommunikasiyaların bərpasından söhbət gedirsə, Zəngəzur dəhlizi mütləq açılmaldır. Bu 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmada da özünü açıq şəkildə təsbit edib. Eyni zamanda burada dəhlizin təhlükəsizliyinin Rusiya Sərhəd Xidməti tərəfindən təmin olunması qeyd edilib. Amma indiki mərhələdə Dünya Gömrük Təşkilatının Zəngəzur dəhlizində yer alması məsələsinin gündəmə gətirilməsi onu göstətir ki, Avropa İttifaqı burada rus sərhədçilərini görmək istəmir.

- İyulda növbəti görüşün olacağı açıqlandı. Bu vaxta qədər prosesdə hansısa məsələlər və prinsiplər üzrə nəticələr əldə edilə bilərmi?

- Hazırda üç istiqamətdə bu proseslər davam edir. Artıq burada bir çox məsələlər ixtisaslaşıb. Bölgədə kommunikasiyaların açılması, nəqliyyat əlaqələri Avropa İttifaqının xətti ilə təminat olunacaq. Eyni zamanda hümanitar məsələlər də Avropa İttifaqının xətti ilə həl edilə bilər. Amma digər məsələlər xüsusən də siyasi proselsər başqa məkanlarda həll ediləcək. Sülh sazişi ilə bağlı Vaşinqton və Moskva özünü iddialı mövqeyini ortaya qoyur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər