19 May 2023 18:41
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər