“19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüş sülh müqaviləsinin bağlanılması istiqamətində atılmış vacib addımlardan biri idi. Görüşə Kremlin vasitəçilik etməsi Şimal qonşumuzun Cənubi Qafqazdakı maraqlarından irəli doğur. Daha öncə nazirlərin Vaşintonda və dövlət başçılarının Brüsseldə görüşləri olmuşdu. Bu mənada, Rusiya özünü kənarda saxlaya bilməzdi və öz təsir rıçaqlarından istifadə etdi”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Rusiya onun qonşuluğundakı problemlərin həllində Qərbin iştirakına isti yanaşmır: “Kreml hesab edir ki, Azərbaycan-Ermənistan arasındakı problemlər üçtərəfli razılşama – 10 noyabr 2020-ci ildə imzalanmış bəyanat çərçivəsində həllini tapmalıdır. Düşünürlər ki, Rusiya bu məsələdə passivlik nümayiş etdirsə, prsesləri ABŞ və Avropa Birliyi idarə edəcək. Reallıq ondan ibarətdir ki, bu gün bölgədə Rusiyanın proseslərə təsir imkanı daha genişdir. 2020-ci il 44 günlük Vətən Müharibəsinin də sona çatmasında, Ermənistanın kapitulyasiya sənədinə imza atmasında Rusiyanın vasitəçiliyi mühüm rol oynadı. Bu gün hətta Qərbin vasitəçiliyi ilə aparılan danışıqlar Rusiya Prezidenti Vladimir Putinin 10 noyabrda elan etdiyi bəyanatın bəndləri üzərində qurulub. Moskva göstərmək istəyir ki, onun xeyir-duası olmadan regionda heç bir münaqişə həllini tapan deyil”.
Politoloq qeyd etdi ki, Moskva görüşündə diqqətçəkən məqamlardan biri Kremlin Zəngəzur dəhlizinin açılmasında israrlılıq göstərməsidir: “Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. Nəqliyyat və kommunikasiya əlaqələri dedikdə Zəngəzur dəhlizi və Laçın yolu nəzərdə tutulur. Təbii ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq vermədiyi halda, Azərbaycanın Laçın yolunda post qurması təbiidir. Həmçinin Azərbaycan dövləti Qarabağdakı ermənilərin Ermənistana gedib-gəlməsinə heç bir maneə yaratmır. Zəngəzur dəhlizinin açılmasını tələb etmək Azərbaycanın haqqıdır. Beynəlxalq təşkilatlar və xarici dövlətlər Azərbaycanı bu məsələdə haqlı hesab edirlər və dəstəkləyirlər. Yalnız Ermənistan və İran bu layihəyə qarşı çıxış edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Bu istiqamətdə işlər gedir”.
Ramiz Alıyev əlavə etdi ki, Qazaxın yeddi, Naxçıvanın isə bir kəndi hələ də Ermənistanın işğalı altındadır: “Sərhədlərin delmitasiyası zamanı bu kəndlər Azərbaycana qaytarılmalıdır. Paşinyan bütün bunları yaxşı bilir və ona görə də prosesu uzatmağa çalışır. Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına, işğaldakı kəndlərin Azərbaycana qaytarılmasına kifayət qədər güclü müqavimət var. Paşinyan bilir ki, o, sülh müqaviləsini imzalasa, onu hakimiyyətdə devirə bilərlər. Ermənistan rəsmiləri danışıqlarda əsasən Qarabağda yaşayan ermənilərin status məsələsini qaldırmaqla sülh prosesinin vaxtını uzatmaq istəyirlər”.