22 May 2023 19:43
3 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Moskvada xarixi işlər nazirlərinin görüşü ilə bağlı konkret nəticələr açıqlanmasa da, Zəngəzur dəhlizi ətrafında müzakirələrin aparıldığı söylənildi. Mayın 25-də isə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Rusiya Prezidentinin iştirakı ilə görüşü planlaşdırılır. Vaşiqnton və Brüssel formatlarının yenidən aktiv fazaya keçdiyi bir müstəvidə Rusiya özünü necə göstərə və yaxud Moskvada sülh prosesində hansı ciddi addım atıla bilər?

- Son zamanlar müşahidə edilən odur ki, erməni tərəfi danışıqların gedişi və nəticələri ilə bağlı açıqlamaları öz ictimaiyyətinə daha tez ötürür. Bu da sözsüz ki, təbliğatla bağlıdır. Amma ümumilikdə əldə edilən məlumatlar odur ki, Moskva görüşündə Rusiyanın təklif etdiyi sənədə baxılır. Hətta iddia olunur ki, Vaşinqtonda təklif edilən sülh sənədi Rusiyanın təqdim etdiyi versiyadan sadəcə olaraq bir bəndlə fərqlənir. Bu da Rusiya tərəfinin təklif etdiyi 15-ci bəndlə bağlıdır. Ümumiyyətlə Rusiyanın təqdim etdiyi sülh sənədi qeyri-rəsmi olaraq “Xovayev layihəsi” (Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev) kimi adlandırırlar. Bu sənəddə qeyd edilir ki, Qarabağın “status” məsələsinə sonra baxılacaq. Amma buna qarşı Azərbaycanın mövqeyi aydındır. Prezident İlham Əliyev bəyan edib ki, bu məsələ bitib. Çünki Qarabağ Azərbaycanın daxili məsələsidir. Ona görə də burada xarici müdaxiləyə imkan verilməyəcək.

- Azərbaycan Rusiyanın təqdim etdiyi “Xovayey layihəsi"nə necə baxır?

- Azərbaycan bu məsələyə Xovayevin baxdığı kimi baxmır. Ona görə də, Moskva görüşünün bütün problemləri artıq üzə çıxır. Bütün bunların fonunda isə Azərbaycan özünün haqlı mövqeyindən heç bir halda geri çəkilən deyil. Burada sadəcə olaraq digər mövzulara aid müzakirələr ola bilər. Zəngəzur dəhlizi ilə bağlı məsələnin burada müzakirəsi mümkündür. Çünki bu məsələni həll etmək daha asandır. Azərbaycan və Ermənistanın da istəyi odur ki, kommunikasiya xətləri işləsin. Amma burada da iki ölkənin prosesə fərqli yanaşması var. Azərbaycan və Ermənistan ayrı-ayrılıqda Zəngəzur dəhlizinin hansı qaydalarla işləməsi məsələsini gündəmə gətirir. Burada isə danışıqlar üçün açıq mövzular var.

- Ermənistanın KTMT-ni Azərbaycanla sərhəddə gətirmək niyyəti nədən qaynaqlanır?

- Moskvada delimitasiya və demarkasiya prosesinə aid hansısa fikirlər səslənə bilər. Çünki erməni tərəfi bölgəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansısa bir sərhəd kontingentinin göndərilməsini istəyir. Amma burada problem tamam başqadır. Çünki iki ölkə arasında sərhəd adlanan bir məfhum yoxdur. Fakt odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bunu bəyan edəndə belə hansısa istisnalarla məsələyə yanaşmağa çalışır.

- Nikol Paşinyan Azərbaycanın 86,6 min kv km ərazisini tanıdığını bəyan etdi. Bununla da "Paşinyan ərazi bütövlüyümüzü tam tanıdı" - demək nə dərəcədə məntiqlidir?

- Bu, erməni tərəfinin növbəti bir oyunu idi. Çünki dünyanın heç bir yerində ərazi bütövlüyü rəqəmlərlə tanınmır. Misal üçün Xəzərin dənizinin sahil xətti həmişə dəyişir, belə olan halda burada hansı bir rəqəmi əsas götürmək olar? Ona görə də, bu absurd bir yanaşmadır. Dünyada belə bir anlayış yoxdur. Dövlətlərin sərhədləri bir xətt üzərindən keçir. Paşinyanın bilməyərəkdən və ya necəsə Azərbaycan ərazisini 89,6 min kv km göstərməsi də diqqətdən yayınmadı. Görünür ki, Paşinyan Zəngəzur bölgəsini, yəni 3 min kv km ərazini də Azərbaycan torpaqlarına əlavə edib. Amma bütün faktlar onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Təbii ki, əgər Ermənistan Azərbaycan sərhədlərini tanımırsa, Azərbaycan da onun sərhədlərini tanımayacaq.

- İki ölkə sərhədlərinin tanınmaması sonrakı mərhələdə hansı problemlərə yol aça bilər?

- Bu əslində Azərbaycan üçün heç bir problem yaratmır. Çünki Ermənistanın bunun üçün imkanı və gücü yoxdur. Azərbaycan və Türkiyə müttəfiqliyi burada hərbi üstünlüyü təmin edib. Azərbaycan Prezidentinin vurğuladığı kimi əgər Ermənistan bizim sərhədlərimizi tanımaq istəmirsə, o zaman əsgərimiz harada dayanıbsa ora da sərhəddimiz olacaq.

- Anklavlarla bağlı məsələ gündəmdədir. Bu, necə həll olunmalıdır?

- Ermənistan 1991-ci ildəki Azərbaycanın sərhəd xətini də tanımaq istəmir. Sadəcə olaraq erməni tərəfi hər cür varianta əl atır ki, Azərbaycanın guya ərazi bütövlüyünü tanıyır. Amma Azərbaycana variant lazım deyil. Ermənistan tərəfi rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməlidir. Çünki erməni tərəfi sərhəd məsələsini bu və ya digər formada təsbit etdikdən sonra Qarabağla bağlı siyasətlərini davam etdirmək istəyir. Fakt odur ki, Ermənistanın rəsmi hakimiyyəti elan edir ki, Azərbaycanın ərazi bütövlüyün tanıyır. Amma Ermənistan dövlət büdcəsindən hər ili qondarma rejimin saxlanılmasına 300-400 milyon dollar vəsait ayrılır. Bu necə başa düşülə bilər? Əslində hamı da bunu görür.

- Qərbin Ermənistanın bu mövqeyinə münasibəti necədir?

- Vaşinqtonda ortaya qoyulan mövqe o idi ki, artıq Qərb də onların bu siyasətini dəstəkləmir. Ona görə də, Rusiya tərəfi belə bir illuziya yaradıb ki, onların mövqeyi Ermənistanla üst-üstə düşür. Amma bu da başa düşülən deyil. Azərbaycanın mövqeyi odur ki, artıq Qarabağ məsələsi həll olunub. Belə olan halda Rusiya hansı məsələyə görə vasitəçilik edə bilər? Eyni zamanda indi Rusiya elə bir vəziyyətdə deyil ki, hansısa bir məsələyə görə diqtə etsin. Ona görə, danışıqlarda Zəngəzur dəhlizinin açılmasından başqa digər məsələlərdə irəliləyişin olması mümkün görünmür. Çünki Ermənistan sərhədləri az qala Xırdalandan keçirmiş kimi bir növqe sərgiləyir. Belə olan halda Azərbaycan da öz sərhədlərini İrəvana qədər çəkə bilər. Məntiq də bunu deyir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər