25 May 2023 09:23
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elşən Manafov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması günlərdir iki ölkədə müzakirə mövzusudur. Siz prosesin bundan sonrakı gedişatı haqda nə deyə bilərsiniz?

- Paşinyanın bəyanatı göstərir ki, Ermənistan iqtidarı müharibənin ölkəsi üçün doğurduğu reallıqların mahiyyətinə varır. Paşinyanın bəyanatından əvvəl Brüsseldə keçirilmiş görüşdən sonra Şarl Mişel də bəyan etdi ki, tərəflər bir-birlərinin 86.6 və 29.8 min kvadratkilometr ərazi bütövlüklərini tanıyır. Bununla yanaşı, Paşinyanın danışıqlar prosesində Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini gündəmdə saxlamaq cəhdləri göstərir ki, Ermənistan iqtidarı daxili və bir sıra beynəlxalq güclərin təzyiqi altındadır. Bu durumda Azərbaycanla yekun sülh müqaviləsini imzalaması və üçtərəfli bəyanatın (10 noyabr) bütün şərtlərini yerinə yetirməsi üçün Paşinyana siyasi iradə lazımdır.

Həmin bəyanat həm sərhədlərin müəyyənləşdirilməsini, həm kommunikasiyaların açılmasını, həm də Ermənistan ordusunun Qarabağın dağlıq hissəsindəki qalıqlarının çıxarılmasını nəzərdə tutur.

İndi Ermənistan iqtidarı sözdən əmələ keçməlidir. Prinsipcə, Paşinyanın bəyanatları siyasi səviyyə daşısa da, hələlik hüquqi məsuliyyət doğurmur. Hüquqi məsuliyyət o zaman yaranacaq ki, Ermənistan iqtidarı Azərbaycanla bir masa arxasında oturub yükun sülh müqaviləsini imzalayacaq. Eləcə də Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu həm etiraf, həm də qəbul edəcək.

Azərbaycan prezidenti dəfələrlə bildirib ki, beynəlxalq və ya kənar güclərin Qarabağ məsələsinə müdaxiləsi yolverilməzdir. Çünki Azərbaycan Minsk qrupunun bu problemi çözəcəyini 30 ildən çox gözlədi. Amma nəticə vermədikdə Azərbaycan bunu beynəlxalq hüquq çərçivəsində özü çözdü. Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini təkbaşına icra etdi.

Ermənistan iqtidarının bundan sonra qarşısında duran əsas vəzifə sözdən əmələ keçməkdir. Paşinyan bunun üçün siyasi iradə nümayiş etdirməlidir. Əlbəttə, Paşinyan hökumətinin Qarabağ məsələsindən kənarda durmasına görə Ermənistan müxalifəti həm öz maraqlarından çıxış edərək, həm də bəlli geosiyasi güc mərkəzinin (Rusiya – red.) sifarişini yerinə yetirərək, Paşinyanı “milli maraqlara xəyanət”də suçlayacaq. Paşinyan da buna hazır olmalıdır.

Beynəlxalq güclər də bölgə uğrunda geosiyasi mübarizənin konturlarını müəyyənləşdiriblər. Üçtərəfli bəyanata görə, bölgədə kommunikasiya xətlərinin açılmasından sonra Zəngəzur dəhlizinə Rusiya sərhədçiləri nəzarət etməlidir. ABŞ isə bildirir ki, Ermənistan suveren və müstəqil dövlətdir, açılan dəhlizə də o nəzarət etməlidir.

Əlbəttə, bölgədə ABŞ-ın əsas rəqibi olan Rusiya bununla razı deyil. İndi kommunikasiya xətlərinin perspektiv statusu ilə bağlı razılıq əldə olunmalıdır. Məncə, bundan sonra Azərbaycan və Ermənistan yekun sülh sazişi ilə bağlı ortaq məxrəcə gələ biləcək.

- Ümumiyyətlə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması Qarabağ məsələsinin tam həllinə zəmin yaradacaqmı? Çünki bir tərəfdə bunu istəməyən separatçılar, digər yanda da gərginliyin qalmasını istəyən Rusiya və onun bölgədəki hərbçiləri var.

- Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, Azərbaycan hakimiyyətinin bu istiqamətdə apardığı mübarizənin çox ciddi uğurlarından biri olacaq. Əlbəttə, Azərbaycan bundan sonra onun qanunlarına tabe olmaq istəməyən separatçı rejimə qarşı antiterror əməliyyatı keçirə bilər. Belə bir hüququmuz onsuz da var. Amma bölgədəki geosiyasi reallıqları da nəzərə almaq vacibdir.

İndi separatçı rejim uğrunda Araik Arutyunyan, Ruben Vardanyan və Samvel Babayan arasında mübarizə gedir. Məncə, onlar bəlli geosiyasi güc (Rusiya) tərəfindən dəstək almasalar, buna getməzdilər.

Artıq hər kəsə məlumdur ki, Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra nə Ermənistan, nə də onlara havadarlıq edənlər separatçıları silahlandıra biləcək. Əgər separatçı rejimin silahlandırılmasının qarşısı alınırsa, demək, gec-tez təslim olmalıdır. Bundan başqa, Qarabağın dağlıq hissəsinin enerji təhlükəsizliyi ilə bağlı bütün vasitələr əlimizdədir. İndi Azərbaycan bu sahədə ona görə problemlər yaratmır ki, sonradan Ermənistan və oradakı millətçi-revanşist dairələr bizi ittiham edə bilməsinlər ki, Azərbaycan öz vətəndaşlarına qarşı belə davranır. Laçında sərhəd-buraxılış məntəqəsi quranda da bizi “erməniləri blokadaya almaq”da ittiham etmişdilər. Yəni separatçı rejimə təzyiq üçün ciddi rıçaqlarımız var. Bunlardan biri də enerji məsələsidir.

Etiraf edək ki, Azərbaycan ora elektrik və qazın verilməsini dayandırsa, separaçı rejim tam çökə bilər. Amma Azərbaycan bilərəkdən buna getmir. Çünki bu durumda beynəlxalq güclər bizə hansısa ittihamlar irəli sürə bilərlər. Amma Ermənistan da başa düşür ki, Azərbaycanın separatçı rejimə qarşı ən müxtəlif təsir və təzyiq rıçaqları var.

Zənnimcə, bu imkanlardan istifadə həm də Azərbaycanın Rusiya ilə qura biləcəyi və ya inkişaf etdirəcəyi münasibətlərdən də asılı ola bilər. Bəllidir ki, Rusiya bir müddət sonra (iki il) bölgədəki sülhməramlılarının çıxarılmasını istəmir. Bu, Rusiya-Azərbaycan münasibətlərindən irəli gəlmir. Sadəcə Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə Qərbə uduzmaq istəmir. Bu səbəbdən də, Rusiya Qarabağ məsələsindən bundan sonra da istifadə etməyə çalışacaq.

Qərb də Rusiya ətrafındakı “Anakonda” əməliyyatını uğurla davam etdirmək və onu tam təcir etmək üçün Cənubi Qafqazı da öz təsir dairəsinə saxlmağa çalışacaq. Bu durumda bölgənin logistika imkanlarının önəmi Rusiya üçün daha da artır. Bu kontekstdə Rəşt-Astara dəmir yolunun açılması Şimal-Cənub nəqliyyat dəhlizini daha rentabelli edəcək. Rusiya bununla bölgəyə təsir imkanlarını artıra bilər. Bu mənada, Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin hansı sonluqla bitəcəyini gözləyir. Zənnimcə, Ermənistan da bu mənada gözləmə mövqeyindədir. Sadəcə Ermənistandan fərqli olaraq, istənilən situasiyada Azərbaycanın manevr imkanları daha müxtəlif və çoxdur.

- Separatçılar arasında qondarma rejim uğrunda mübarizəyə diqqət çəkdiniz. Bu kontekstdə Samvel Babayanın yenidən Xankəndidə peyda olması və fəallaşması diqqət çəkir. Separatçılar onu “Paşinyanın adamı” adlandırırlar və iddia edirlər ki, Babayan onları bitirmək üçün Xankəndiyə gəlib. Siz bu haqda necə düşünürsünüz?

- Əslində, Babayan separatçılar üçün “yeni fiqur” deyil. Vaxtilə separatçı rejimin “təhlükəsizlik şurasının katibi” olub. İndi isə qondarma rejimin “dövlət naziri postu”na iddialıdır. Babayan bu mənada Vardanyanın əsas opponentidir. Babayanın Vardanyana qarşı çıxması göstərir ki, separatçı rejimin Rusiya və ya Qərb tərəfindən yönləndirilməsi məsələsi də önəm kəsb edir. Hər ikisi separatçı rejimi öz əlinə almaq istəyir.

Azərbaycan isə separatçı rejimi zərərsizləşdirmək üçün hər iki geosiyasi güc mərkəzləri ilə əməkdaşlıq edir. İndi Azərbaycan bölgədə yaranacaq və ya özünün yaradacağı münbit zəmindən yararlanaraq, separatçı rejimin tabe edilməsi və ya çökdürülməsi üçün öz addımlarını atacaq. 44 günlük müharibədə öz ərazilərini azad etdiyi kimi.

Bu durumda onlar üçün iki yol qalır. Birincisi, Azərbaycan qanunlarına tabe olaraq, vətəndaşlığımızı qəbul edərək burada dinc yaşayırlar; ikincisi, Ermənistanın ordusunun Qarabağın dağlıq hissəsindəki qalıqları çıxarılır. Bütün bunlar olmasa, Azərbaycan müvafiq addımlarını atacaq. Azərbaycan əlindəki imkanlardan istifadə edərək bunlara da son qoyacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər