Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatları Azərbaycanın apardığı sistemli siyasətin nəticəsində baş tutub. Amma bu o demək deyil ki, Moskvada da Nikol Paşinyan Brüsseldə üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı çıxış edəcək. Bu baxımdan Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə gözlənilən görüş çox gərgin keçəcək.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Rusiya tərəfinin Azərbaycan və Ermənistanın bu və ya digər məsələlərlə bağlı müxtəlif fikirləri var:
“Burada üst-üstə düşən və düşməyən mövqelər mövcuddur. Söhbət ələlxüsus da Rusiya-Ermənistan münasibətlərindən gedir. Nikol Paşinyan ötən gün Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova ilə bağlı kobudluğa yol verib. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı Ermənistan tərəfi sərt çıxışlar etməkdədir. Bu kontekstdə Rusiya-Ermənistan arasında ikili görüşün də gərgin keçəcəyi gözlənilir”.
Politoloq hesab edir ki, Azərbaycan həm Rusiya, həm də Qərb platformasında öz istəklərinə tədricən çatmaqdadır:
“Burada əsas məqam Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Eyni zamanda Qarabağın Azərbaycan ərazisini qeyd etdikdən sonra Paşinyana qarşı dünyanın erməni təşkilatları, Qarabağ erməniləri və müxalifətin bəyanatları onu göstərir ki, tez bir zamanda o çətin belə bir addım atsın”.
Zaur Məmmədova görə, bu gün baş tutacaq Moskva görüşündə sülh yox, daha çox kommunikasiyaların açılması ilə bağlı məsələlərdə uzlaşmanın əldə olunması ehtimalı var:
“Bununla yanaşı bəzi humanitar məsələlərlə bağlı da razılığın olması mümkündür. Azərbaycanla Ermənistan arasında müxtəlif istiqamətlərdə görüşlərin çərçivəsinin genişləndirilməsi ilə bağlı bəyanatlara şahidlik edə bilərik”.