26 May 2023 14:11
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer almışdır.

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanmışdır. Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir.

Ermənistan bununla kifayətlənməyib işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olmuş, onlardan 57-si həlak olmuş, 245-i isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.

Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Gördüyümüz bəzi işlərin nəticələri artıq göz qabağındadır və siz Azərbaycanda səfərdə olarkən bunların şahidi olmusunuz.

Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilmişdir.

Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Ulu Öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA yaradılmışdır. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur.

Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır.

Qeyd etmək istərdim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə səmərəli əməkdaşlıq edir və bizə dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.

Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sədrlik etdiyimiz Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.

Bugünkü konfrans mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “minalardan təmizlənmiş dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

***

11:04

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib", - dövlət başçısının müraciətində bildirilib.

Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan Azərbaycan ərazilərində mina yerləşdirilməsinin davam etdirilməsi üçün istifadə etdiyi qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər