22 May 2023 19:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında baş tutan sayca beşinci görüş mühüm əhəmiyyətə malikdir. Atılan bu addım regionda sülhün təmin olunması istiqamətində növbəti vacib addımdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir. Ölkəmiz postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahib olmaqla yanaşı dayanıqlı sülhün təmin olunması üçün təşəbbüslərlə çıxış edir. Brüssel formatında və digər müstəvilərdə Azərbaycanın ortaya qoyduğu mövqe dövlətimizin sülhə, təhlükəsizliyə, ölkələrin ərazi bütövlüyü, suverenliyi ilə bağlı vacib məqamlara vermiş olduğu önəmin mahiyyətini nümayiş etdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, Azərbaycan indiki halda mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir: “Bu mənada ölkəmiz regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslərlə çıxış edir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğunu nümayiş etdirir. Bütün bunların fonunda Azərbaycanın Brüssel formatında baş tutan görüşlər və onun nəticələrinə vermiş olduğunu önəm xüsusi əhəmiyyətə malikdir”.

Deputatın fikrincə, II Qarabağ müharibəsi başa çatdıqdan və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Prezident İlham Əliyev bəyan etdi ki, artıq münaqişə öz həllini tapıb: “Ali Baş Komandan tərəfindən Azərbaycanın artıq sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazır olduğu bildirildi. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapıb. Bəyanatda əks olunduğu kimi, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Eyni zamanda humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bu proseslərə bundan sonra da dəstək verməyə hazır olduğu qeyd edilib. Şarl Mişel Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatının təmin edilməsi məsələsində yaxınlaşma olduğunu bəyan etdi. Bu, olduqca müsbət haldır. Əgər Ermənistan razılaşmaları pozmasa, dəmiryolunun bərpası Naxçıvanın blokadadan çıxarılmasında mühüm addım olacaq”.

Millət vəkili vurğulayıb ki, Ermənistanın Brüssel formatına Fransa prezidenti Emanuel Makronu cəlb etmək istəyi iflasa uğradı: "Məhz bu səbəbdən idi ki, Brüssel formatındakı görüşlərdə müəyyən fasilə yaranmışdı. Ötən ilin dekabrında görüş nəzərdə tutulsa da, erməni tərəfinin Fransa prezidentini formata daxil etmək cəhdləri səbəbindən baş tutmamışdı. Fransa prosesdə açıq-aşkar Ermənistanın tərəfini tutur və Azərbaycana qarşı əssasız iddialarla çıxış edir. Prezident İlham Əliyevin dediyi kimi, belə olan halda Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçi ola bilməz. Göründüyü kimi, bu dəfəki görüş Azərbaycanın prinsipial mövqeyi nəzərə alınmaqla keçirildi”.

Eldar Quliyev hesab edir ki, artıq Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyini, mövcud reallıqları qəbul edib: “Sözsüz ki, ümumilkdə, Avropa İttifaqının vasitəçilik təşəbbüsləri müsbət xarakterizə olunur. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addım kimi qəbul edilir. Bütün bu reallıqlar fonunda isə Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur. Təbii ki, rəsmi İrəvan bunu nə qədər tez anlasa, bu onun özü üçün bir o qədər yaxşı olacaq. Əks halda Ermənistan bölgədə təcrid duruma düşmüş dövlət kimi bundan sonra daha böyük çətinliklər yaşayacaq. Bu ölkənin yeganə çıxış yolu qonşuları Azərbaycan və qardaş Türkiyə ilə münasibətləri normallaşdırmaqdan asıldır. Ermənistan özünün işğalçı və başqasının ərazilərinə olan iddialarından imtina edib. Normal qonşuluq siyasəti yürütməkdən başqa çıxış yoluna malik deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər