28 May 2023 19:12
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci il 28 may təkcə Azərbaycanın tarixində deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. 105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

“1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı”

O qeyd edib ki, AXC dövründə xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açıldı: “1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti fəaliyyət başladı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Parlamentinin 2-ci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi, eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”.

“Müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər”

Professor hesab edir ki, hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır: “Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir anda - 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanıldı. Nizami ordu yaradıldı. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlandı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Bütün həyatını Azərbaycanın inkişafına, müstəqil, güclü dövlət olmasına həsr edən Ümummilli Liderin möhkəm təməllər üzərində qurduğu Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib”.

“Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi...”

Komitə sədri bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev tərəfindən bu prinsiplər əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır: “Biz fəxrlə deyirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayır. Hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq. Onun həyata keçirdiyi uğurlu dövlət idarəçiliyi, sosial, iqtisadi, siyasi və kadr sahələrində aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Xüsusən də COVİD-19 pandemiyası dövründə hər bir vətəndaşın yanında olan, onun sağlamlığını və rifahını hər şeydən üstün tutan Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə başçısı tərəfindən daha da gücləndirilən davamı siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir”.

“AXC-nin yadigarı kimi Azərbaycan Bayrağının Şuşada dalğalanması...”

Millətv vəkili vurğulayıb ki, xalqımızın müstəqillik tarixində və qəhrəmanlıq salnaməsində yeni bir dönəm başlayıb: “Bu il hər bir hadisə özü-özlüyündə fərqlidir, yenidir. Bunun da əsas səbəbi 30 illik həsrətdən sonra Qarabağa qovuşmağımız, ərazi bütövlüyümüzü təmin etməyimizdir. Azərbaycanın çox şanlı tarixi olub, ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdı. Ona görə də bayramları da, tarixi günləri də ürəkdən keçirə bilmirdik. Ancaq, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki, xalqımızın özünə inam hissi daha artdı. Məşhur bir şer də deyildiyi kimi, “haqqım var, öyünüm Azərbaycan deyəndə” – bəli, bu haqqı bizə ölkəmizin başçısı, diplomat, sərkərdə Ali Baş Komandan İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.

“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir”

Hicran Hüseynova 20 il boyunca hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirildiyini söyləyib: "Ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Ölkədə aparılan nəhəng quruculuq işləri, əldə edilmiş mühüm siyasi və iqtisadi nailiyyətlər ictimai həyatın bütün sahələrində tərəqqinin bariz göstəricisidir. Azərbaycanın çoxlu sayda siyasi, mədəni, elmi və digər səpkili beynəlxalq tədbirlərə, forumlara, mötəbər musiqi və idman yarışmalarına ev sahibliyi etməsi qabaqcıl dünya dövlətlərinin sırasında qüdrətini hər zaman nümayiş etdirib. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü hər bir təşəbbüs bütün Azərbaycan vətəndaşları tərəfindən alqışlanır, qarşıya qoyulan vəzifələri daha fəal, şövqlə həyata keçirməyə ruhlandırır. Nəticə isə mükəmməl oldu. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda quruculuq işləri aparılır, artıq, insanlar öz doğma yurdlarına qayıdır, yaşayır. Preziden ilham Əliyevin dediyi kimi, “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

Bir daha Müstəqillik günü münasibəti ilə xalqımızı təbrik edir, inkişaf edən, çiçəklənən, güclü Azərbaycan naminə bir olaq, uğur, yüksəliş, sülh, əmin-amanlıq başımızın üzərindən əksik olmasın”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər