29 May 2023 14:32
6 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Laçında yerli sakinlərlə görüşündə çox vacib mesajlar səsləndirildi. Ali Baş Komandan tərəfindən separatçılara və onlara havadarlıq edənlərə konkret fikirlər ünvanlandı. Eyni zamanda hələ də Qarabağda özləri üçün qondarma rejimi saxlamağa çalışanlara xəbərdarlıq edildi. Tələb odur ki, onlar bundan imtina etməlidir. Çünki artıq məsələ yekunlaşmalıdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik hesab edir ki, Zəngilan istiqamətində erməni tərəfinin diversiya təxribatı da məqsədli həyata keçirilib:

“Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədən Ağdam istiqamətində qanunsuz silahlı birləşmələrin müxtəlif tipli silahlardan atəşkəsi pozması faktı da qeydə alındı. Fakt isə odur ki, rus sülhməramlılarının saytında bu məsələ ilə bağlı heç bir informasiya verilmədi. Halbuki onlar Ağdərədə və başqa istiqamətlərdə atəşin bir və yaxud iki dəfə pozulması ilə bağlı xəbərlər yayırdılar”.

Hərbi ekspert hesab edir ki, hər görüş öncəsi olduğu kimi Kşinyov danışıqları ərəfəsində də təxribatlara əl atılacaq:

“Bu da mümkün razılıqların qarşısını almağa hədəflənib. Eyni zamanda tərəflərin Rusiyanın iştirakı olmadan hər hansı bir razılığa gəlməsinin qarşısını almaq üçün əllərindən gələni edəcəklər. Məqsəd prosesi dalana dirəmək, yubatmaqdan ibarətdir”.

Üzeyir Cəfərova görə, artıq Qarabağdakı separatçılara və ermənilərə konkret vaxt bildirilməlidir:

“Çünki onlar faktiki olaraq Azərbaycanın hümanist yanaşmasından sui-istifadə edirlər. Ona görə də, separatçılar ötən gün Prezident İlham Əliyevin Laçında vermiş olduğu mesajdan başa düşməlidirlər ki, onlar üçün heç bir perspektiv yoxdur. Onlar təslim olmasalar, Azərbaycan Ordusunun gücünü görməli olacaqlar. Bunun da nəticəsinin necə olacağını onlar daha yaxşı bilir”.


Müəllif: Tapdıq Qurbanlı