Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə daha da yüksələn bir xəttin olacağına işarə verir. Seçkidən sonra da hər yanda Azərbaycanın adı xatırlanır. Çünki Azərbaycan mövcud sistemin və rejimin Türkiyədə davam etməsinə öz dəstəyini açıq şəkildə bildirdi.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycanın bu yanaşması Qarabağ və bölgənin təhlükəsizliyi üçün olduqca vacib bir məsələdir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycana dəstək verən şəxsiyyət olduğunu görə, bu məsələdə hər hansı bir tərəddüdümüz olmadı. Ona görə də, bunun hansısa sahələrdə nəyin, necə inkişaf edəcəyini söyləmək mümkün deyil”.
Partiya sədrinə görə, Qarabağ məsələsində, Azərbaycan-Rusiya münasibətlərində və digər bölgə proseslərində Türkiyə Azərbaycanın yanında daha qətiyyətlə duracağı birmənalı şəkildə söylənə bilər:
“Bu da bizim üçün məqbul bir yanaşmadır. Çünki bu mərhələdə bizə hər hansı bir surpriz lazım deyil. Azərbaycana Türkiyə tərəfindən həmişəki dəstəyin davam etməsi lazım idi. Bu da olacaq”.