30 May 2023 21:05
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-də Laçın şəhərinin sakinləri 31 ildən sonra öz doğma şəhərinə qayıtdılar. Həmin gün həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 ili tamam oldu. Azərbaycan öz təbiəti, yeraltı və yerüstü sərvəti, tarixi, mədəniyyəti, dəyərləri ilə hər zaman başqa ölkələri cəlb edib. 23 ay müstəəqil dövlət kimi yaşayan Azərbaycan uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, müstəqilliyini bərpa etmək, güclü, dünyada hörmətli dövlət qurmaq ideyasıhər zaman aktuallıq kəsb edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev addım-addım Azərbaycanı geridə qalan aqrar respublikadan, sənaye respublikasına çevirdi. Azərbaycançılıq ideologiyasını həyata keçirdi. Nəhayət, 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan bu gün artıq regionun şəksiz lideri olaraq, ərazi bütövlüyünü necə bərpa etməyin unikal nümunəsini təqdim edən ölkəyə çevrildi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan aparıcı dünya dövlətlərinin sayəsində deyil, öz qəti və dönməz mövqeyi nəticəsində ədaləti bərqərar edib: “Ona görə də bu unikal bir təcrübədir. Dövlət başçımızın dediyi kimi “Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Fakt isə odur ki, Azərbaycanın iqtisadi və sosial inkişafına sərf oluna biləcək qiymətsiz illəri itirilib. 30 ilə yaxın erməni işğalında qalan ərazilərimiz ən münbit, və zəngin diyarlarımızdandır. Əgər bu işğal olmasaydı, ötən dövrdə Azərbaycan iqtisadiyyatı sözlə ifadə edilməz dərəcədə inkişaf edəri, iqtisadi imkanlarımız daha çox artardı. Lakin əfsuslar olsun ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra bir milyon qaçqını və məcburi köçkünü yerləşdirmək məcburiyyətində qaldı. Ölkədə hökm sürən xaos, özbaşınalıq iqtisadiyyatı tamam çökməsinə səbəb olmuşdu. 1993-cü ildə Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra iqtisadi islahatlar həyata keçirildi, neft kontraktları bağlandı, ölkənin iqtisadi vəziyyəti müsbətə doğru dəyişdi. Bu siyasəti daha da gücləndirən Prezident İlham Əliyev iqtisadi imkanlarımızı artırdı. Əldə olunan gəlirlərin mühüm hissəsi ordu quruculuğuna yönəldildi. 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi”.

Professor hesab edir ki, 1992-ci ilin mayında Laçın işğal olunması və 2023-cü ilin may ayında, müstəqilliyimizin 105-ci ilində Laçınlıların öz doğma torpaqlarına əbədi yaşamaq üçün qayıtmaları simvolik məna kəsb edir:

“Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi müasir Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev məhz işğaldan azad edilmiş Laçından Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə müraciət etməsi rəmzi məna daşıyır. Həmin müraciətdə deyilənləri həmişə həyata keçirən dünya səviyyəli siyasətçinin sərt, ədalətli, konkret mesajları var idi. Ölkə başçısı vurğuladı ki, "Miatsum" kitabı bağlandı, separatizmə son qoyuldu. Müstəqillik arzuları statusun arxasınca getdi”. Qeyd edildi ki, Qarabağda yaşayan ermənilərin yeganə çıxış yolu Azərbaycan qanunlarına tabe olmaq, ölkəmizin loyal normal vətəndaşı kimi öz dıqnaqarası saxta dövlət atributlarına etməkdən keçir”.

Millət vəkilinə görə, Azərbaycan dövlətinin bütün bu tələbləri qanuni və ədalətlidir: “Azərbaycanın istənilən yolla onları həyata keçirməsinə nail olmaq imkanı var. Dövlətimizin başçısı bir daha bildirdi ki: “Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var. Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”. Bu sözlərin məhz mayın 28-də, məhz Laçın şəhərindən səsləndirilməsinin də simvolik mənası var”.


Müəllif: Tapdıq Qurbanlı