Azərbaycanla Ermənistan arasında sərhəd xətti BMT-nin tanıtıdığı və qəbul etdiyi, eyni zamanda Almatı da əldə olunan razılaşmadakı kimi müəyyənləşə bilər. Konkret olaraq bu variantlardan birinin üzərində dayanmaq lazımdır. Çünki burada hər hansı bir sənəd üzərində dayanılacaq. Ona görə də, 1975-ci il xəritələri və başqa dövrlərin sənədləri ilə bağlı yanaşmalar birmənalıdır. Azərbaycana lazım olan odur ki, ölkə sərhədləri konkret olaraq tanınsın.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, məhz bundan sonra ümumi bir anlaşma ortaya qoyula bilər:
“Azərbaycan əlindən gələni edir ki, özünün təqdim etdiyi istiqamətdə sülh müqaviləsi imzalansın. Bu mənada Kişinyovda baş tutan qeyri-rəsmi görüş nəticə ortaya qoymaq üçün deyildi. Burada sadəcə olaraq şahidlərin iştirakı ilə müəyyən müzakirələrin aparılması nəzərdə tutulurdu. Tərəflərin mövqeyinin dinlənilməsi baxımından bu vacib idi”.
Partiya sədrinə görə, Kişinyovdakı qeyri-rəsmi görüşün yekununda konkret bir nəticə olmasa da, mümkün irəliləyiş baxımından bu əhəmiyyətlidir:
“Çünki bu cür təmaslar yekunda nəticəyə gətirib çıxaracaq. Konkret hansısa xəritə üzərində sərhədlərin müəyyənləşməsi məsələsi isə müzakirə olunmalıdır”.