8 İyun 2023 20:05
2 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cümşüd bəy, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müsbət yanaşmaların eşidildiyi ərəfədə separatçıların və qanunsuz erməni silahlılarının təxribatları ara vermir. Bu paradoksu necə izah etmək olar? Sizcə, nə baş verir? Ermənistana sülhə hazır ol, amma alt qatda təxribatlarla suyu bulandır tapşırığı kimə sərf edir?

- Sülhlə bağlı siqnallar var. Azərbaycan sülhlə bağlı özünün konkret mövqeyini ortaya qoyub. Ölkəmiz 5 bəndlik təkliflərini Ermənistana təqdim edib. Erməni tərəfi də bunu qəbul edib. Sözsüz ki, qarşı tərəfin bu təkliflərə necə cavab verəcəyi də maraqla gözlənilir. Çünki onlar hələ də sürüşkən mövqedədir. Amma ümumi bir razılaşma var. Sadəcə olaraq Ermənistan tərəfi ilə baş tutmuş son təmasların ardınca Nikol Paşinyanın vəziyyətdən maksimum dərəcədə yararlanmaq istəyi açıq görünür. Fakt odur ki, Qarabağ ətrafında məsələlər uzandıqca Paşinyanın hakimiyyəti üçün təhlükə yaranır. Erməni baş nazir və onun ətrafındakılar da bunu başa düşür. Ona görə də, onlar Qarabağ yükündən qurtulmaq üçün Azərbaycanla təcili olaraq sülh müqaviləsi imzalamağı istəyirlər. Gözləntilər də məhz bu yöndədir.

- Gələn ay Brüsseldə baş tutacaq görüşdə sülhlə bağlı konkret qərarın verilmə ehtimalını necə dəyərləndirirsiniz?

- Avropa İttifaqının xətti ilə baş tutacaq iyul görüşündə sülhlə bağlı konkret qərarın veriləcəyi və müqavilənin imzalanacağı o qədər də inandırıcı deyil. Çünki Rusiyanın istəyi odur ki, sülh prosesi onun patronajlığı altında baş versin. Ötən gün Rusiya XİN sözçüsü Mariya Zaxarova da bu mövzuya aid açıqlama verdi. Ona görə də, görünən odur ki, hər iki tərəf sülh sazişini imzalamağa artıq hazırdır. Burada həmçinin 10 noyabr 2020-ci il razılaşmasının 9-cu bəndinin icrası ilə bağlı məsələ daha çox gündəmdədir. Bununla bağlı Paşinyan öz mövqeyini bildirib. Sadəcə olaraq onlar həmin razılaşmanın 4-cü bəndi ilə bağlı hələ ki susurlar. Fakt odur ki, Paşinyan bu məsələni həll etmək gücündə deyil. Hətta bu məsələ onun hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Ona görə də, Paşinyan çalışır ki, sülh sazişini imzalasın və o da 4-cü bəndə dair razılaşmanın icrasını Azərbaycana həvalə etsin.

- Üçtərəfli razılaşmanın 4-cü bəndinin Azərbaycan tərəfindən icrası necə təmin oluna bilər?

- Əslində bu, Azərbaycana sərf edir. Çünki özümüz Qarabağda olan qanunsuz silahlıları birdəfəlik oradan təmziləyərik. Nə qədər ki, erməni tərəfi bu cür təxribatlara əl atır, sözsüz ki, cavablarını da artıqlaması ilə alacaqlar. Amma Ermənistan bir şeyi unudur ki, Azərbaycana qarşı zərər veriləcək təxribat onlar üçün faciəvi olacaq. Çünki beləliklə Azərbaycan antiterror əməliyyatını icra etmək məcburiyyətində qalacaq. Buna da Azərbaycanda hazırda çox ciddi hazırlıq gedir.

- Türkiyədə prezident və parlament seçkilərindən sonra formalaşmış yeni kabinet və bunun fonunda gözlənilən geosiyasi durum var. Rəcəb Tayyib Ərdoğanın yeni komanda ilə əsas hədəfləri hansılardır? Azərbaycanla bağlı gözləntilər və yanaşmalarda nə kimi dəyişikliklər, yeniliklər izləniləcək?

- Türkiyədə dövlət başçısının mövqeyi dəyişməyənə qədər onun komandası da analoji rakursdan çıxış edəcək. Türkiyənin yeni kabinetində yer alan isimlərdən olan Hakan Fidan, İbrahim Kalın, Yaşar Gülər və digərləri Azərbaycanın mövqeyini dəstəkləyən və bizə kifayət qədər yaxın adamlardır. Yaşar Gülər əslində Azərbaycan kökənlidir. O, əslən gəncəlidir. Yəni belə bir şəraitdə Türkiyənin Azərbaycanla bağlı mövqeyində hər hansı bir dəyişikliyi gözləmək təxribatçıların işidir. Əslində yeni kabinet Türkiyənin həyatına müsbət təsir edəcək.

- Türkiyənin xarici siyasətində Hakan Fidan faktoru nə dərəcədə təsirli olacaq?

- Hakan Fidan faktoru ilə Türkiyənin xarici siyasət xəttində çox ciddi dəyişiklik gözlənilir. Bu, təbii ki, Azərbaycanla bağlı olmayacaq. Daha çox Suriya, İran və İraqla bağlıdır. Çünki PKK terror təşkilatını Türkiyə Suriya və İraqdan çıxarıb. Onlar indi İranın Maku şəhərində yerləşiblər. Bu da istər-istəməz xarici siyasətdə yeni nəfəs tələb edir. Hakan Fidan da bu məsələlərdə peşəkar adamdır. Dünya kəşfiyyatının ən güclü simalarından biridir. İngiltərə, İsrail, ABŞ-ın kəşfiyyat orqanları Hakan Fidanın peşəkarlığını qeyd edir. Əslində bir növ ondan çəkinirlər. İbrahim Kalın da peşəkar dövlət adamıdır və MİT-də öz fəaliyyətini uğurla icra edəcək. Yaşar Gülər Azərbaycanı kifayət sevən tanıyan bir adamdır. Ona görə də, Ərdoğanın komandasında Azərbaycanla bağlı cüzi də olsa problem yaradacaq bir adam yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər