Ermənistan prezidenti Vaaqn Xaçaturyan Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Görüş zamanı prezidentlər Ermənistan-Almaniya çoxsəviyyəli əməkdaşlığının sahələri və imkanları ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı prezidentlər Cənubi Qafqaz regionundakı ümumi vəziyyətə və Qarabağ probleminə toxunublar.
Almaniya prezidenti Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasını xüsusilə vurğulayıb. Bildirib ki, bu, münasibətlərin daha da normallaşması prosesində mühüm addımdır.
Görüşdə Ermənistan və Türkiyə arasında dialoqun hazırkı mərhələsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Vaaqn Xaçaturyan Ermənistanın ilkin şərt olmadan münasibətlərin normallaşması yolu ilə getməyə tam hazır olduğunu vurğulayıb.
Ştaynmayer Almaniyanın Cənubi Qafqaz regionunda sabit sülhün bərqərar olunmasında maraqlı olduğunu qeyd edib.