19 İyun 2023 08:15
4 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu formatında görüş keçirdik və nəticədə hərtərəfli sənəd formalaşdırılıb. Buna görə, regionda nəqliyyat kommunikasiyalarının açılması Yerasx - Culfa - Mehri - Horadiz marşrutu (Zəngəzur dəhlizi) ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları ehtiva edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Rusiya rəsmisi bildirib ki, tərəflərin heç biri bu yolun ayrı-ayrı hissələrinin ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacağına şübhə etmir:

“Bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Bunlar bəllidir, amma iki dövlət və xalq arasındakı münasibətləri nəzərə alaraq, bütün bunlar şərtləndirilməlidir.

Yaxın tarix boyu Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmayıb, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin birbaşa iştirakı ilə müharibə dayandırılıb. Amma iki ölkə sərhədində hələ də silahlı toqquşmalar baş verir və insanlar ölür. Əlbəttə, həmkarlarım üçün belə bir şəraitdə işləmək çox çətindir, amma onlar dövlətlərimizin rəhbərlərinin irəli aparmağı bizə həvalə etdikləri qərara görə öz tarixi məsuliyyətlərini hiss edirlər və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işləri davam etdirirlər.

Döyüşən tərəflərin danışıqlar masası arxasına əyləşərək, demək olar ki, hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra nəqliyyat əlaqələrinin bərpasından danışmağa başladığını dünyada misalını tapmaq çətindir. Hamı anlayır ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur”.

Overçuk hesab edir ki, yollar açıldıqdan sonra düşmənçilik zamanla arxa plana keçəcək və normal həyata qayıtmaq mümkün olacaq.

Rusiya rəsmisi vurğulayıb ki, üçtərəfli işçi qrupu spesifik münasibətlər formatı işləyib hazırlayıb:

“Ən böyük problem inamdır. Məhz buna görədir ki, danışıqlar ləng gedir. Nəhayət, bu yolla sadə insanlar - azərbaycanlılar, ermənilər, başqa ölkələrin vətəndaşları gedəcək. Onlar sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqədə olacaqlar, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq? Bu gün bizim birlikdə cavab vermək istədiyimiz əsas sual budur ki, başqa ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyinə əmin olaq. Əlbəttə, indi hamımız sərhəddə baş verənlərdən təsirlənirik. Çəkişmə dayansaydı, həll yollarını tapmaq çox asan olardı”.

Overçuk qeyd edib ki, sənəd layihəsi baş nazirlərin müavinləri səviyyəsində formalaşıb və demək olar tamamilə razılaşdırılıb: “İndi əsas məsələ - sadə azərbaycanlıların və ermənilərin sərhədi keçərkən bir-birləri ilə necə qarşılıqlı əlaqədə olmaları üzərində işləmək lazımdır”.

Overçuk əlavə edib ki, kommunikasiyaların açılması ilə bağlı çox şey dəqiqləşdirilib, amma hələ də əlavə müzakirə tələb edən məsələlər var:

“Kilidin açılması nə vaxt olacaq deyə soruşsanız, bu suala hələ heç kim dəqiq cavab verməyəcək. Onda sovet dövründə mövcud olan və həm ermənilərin, həm də azərbaycanlıların istifadə etdiyi bu dəmir yolunun bərpasına başlamaqdan danışmaq olar. Ermənistan üçün bu dəmir yolunun açılması bu ölkənin blokadadan çıxması baxımından əsas əhəmiyyət kəsb edir”.

Rusiya baş nazirinin müavini əlavə edib:

“Azərbaycan rəhbərliyinin də qayğısı var, o da öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır. Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə uzanması da var ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək. Əlbəttə, sənədin imzalanmasının sürəti naminə heç kim bu yolda hərəkət edən insanların və malların təhlükəsizliyini ikinci yerə qoymayacaq. Bu, kilidin açılmasının nə vaxt baş verəcəyi sualına hələ cavab verməyən çox vacib bir məqamdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər