19 İyun 2023 18:32
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Pakistan arasında mövcud olan ikitərəfli münasibətlər dostluq, qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. İki ölkə arasında münasibətlər öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunur. Pakistan 1991-ci ildə Türkiyə və Ruminiyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü dövlətdir. Pakistan əsl qardaşlıq nümayiş etdirərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımayıb. Azərbaycan da eyni zamanda Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. İki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən otuz il ərzində dinamik inkişaf yolu keçib, II Qarabağ müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək bu münaisbətləri qırılmaz bağlarla möhkəmləndirib. Məhz bu kontekstdə Pakistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana olan münasibət birmənalı olaraq dəyişməz qalır. Bu amil ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana dəstəyini nümayiş etdirib: “1993-cü il aprelin 30-da keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində hər zaman Pakistana dəstəyini birmənalı olaraq nümayiş etdirib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri ölkələrimiz arasında münasiibətlərin inkişafına olduqca müsbət təsir eedib. Ötən dövr ərzində Prezident lham Əliyevin Prezidentliyi dövründə də Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları geniş vüsət almış, xalqlarımız arasında mədəni əlaqələr daha da möhkəmlənib”.

Millət vəkili Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycanda rəsmi səfərdə olmasının iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini söyləyib: “Prezident İlham Əliyevin və baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın böyük potensialından bəhs edilib. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Ötən il isə pakistanlı 100 tələbə ölkəmizdə təhsil üçün gəlmişdi. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Həmçinin, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənəcəyi şübhəsizdir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Dünyada baş verən mürəkkəb proseslər göz qabağındadır. Vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantına çevrilib”.

Tamam Cəfərova hesab edir ki, Azərbaycanla Pakistan arasında əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür: “İstər ikitərəfli, istərsə də çoxtərəfli məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür. Bu isə iki ölkənin beynəlxalq münaisbətlər sistemində bir-birinin mövqeyini müdafiə etməsi və gələcəyə birgə addımlaması baxımından olduqca mühüm amildir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər