Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zərdüşt bəy, Rusiyadakı olaylar haqda nə düşünürsünüz: baş verənlər bu ölkəyə və onu idarə edənlərə nə vəd edir?
- Bu qiyamdır. Əgər bir hərbi hissənin komandiri Müdafiə Nazirliyinə qarşı qalxırsa və onun rəhbərliyini devirməyə çalışırsa, bu qiyamdır, başqa şey demək mümkün deyil. Bir ay əvvəl belə bir məqalə yazmışdım, adı belə idi: “Putin Elçibəyə çevrilir”.
Həmin məqalədə Rusiyanın indiki hökumətini Azərbaycandakı qiyam ərəfəsində AXC hakimiyyəti ilə müqayisə etmişəm. İndi orada İsgəndər Həmidov rolunu Yevgeni Priqojin oynayır, Putin də Elçibəyin yolunu gedir, o da nə vaxtsa qaçacaq. Çünki ciddi məsələlərə həll tapa, qəti qərar verə bilmir, susur, məsuliyyətdən yayınır. Son nəticədə böhran dərinləşir. Vaxtilə (AXC hakimiyyəti dövründə) Azərbaycanda mövcud olmuş belə bir böhran Surət Hüseynovun qiyamı ilə müşayiət olunmuşdusa, Rusiyada bu, Priqojinin ətrafında baş verir.
Baş verənlər Putinin hakimiyyətini laxlatdı, xeyli zəiflətdi. Ola bilsin ki, devrilməsin, amma hakimiyyəti zəiflədi, legitimliyi şübhə altına alındı, əhali arasında onun müdrikliyinə olan inam xeyli sarsıldı. Bəlkə də devriləcək, ya yox, amma danılmaz fakt budur ki, bu qiyam nəticəsində hakimiyyəti xeyli zəiflədi.
- Bəs bu prosesdə Priqojinə bir xarici və ya daxili dəstək varmı?
- Priqojinə heç bir kənar dəstək yoxdur, yalnız içəridədir. Priqojin bir cinayətkar rejimin tərkib hissəsidir. Oliqarxdır, Putinin yaxın adamıdır, bütün bu quruluş canilərdən ibarətdir. Orada cani olmayan yoxdur, hamısı canidir, Priqojin də onlardan biridir. Sadəcə Rusiyada hakimiyyətin bölüşdürülməsi məsələsində ciddi narazılıq yaranıb. Putin vaxtilə hakimiyyətə gedən yolunu açmaq üçün Sankt-Peterburqun qubernatorunu devirməyə çalışmışdı. İndi də Priqojin Şoyqu və Gerasimova bunu edir.
Cəbhə dönəmində də Azərbaycanda belə olaylar baş vermişdi. Hakimiyyətin yuxarı pillələrində nümayəndələr arasında ciddi qarşıdurmalar gedirdi, bir-birini aşırmağa çalışırdılar. İndi də Rusiyada. Putin baş verənlərin önünü ala, bir qərar verə bilmir. Nə Ukrayna ilə müharibəyə son qoya, nə Qərblə münasibətləri tənzimləyə, nə də iqtisadiyyatı dərin böhrandan çıxara bilir.
- Hazırda Rusiyada baş verənlər Ukraynadakı müharibəyə necə təsir göstərəcək?
- Ümumiyyətlə, rus ordusunun Ukraynadakı vəziyyəti mürəkkəbdir. Deməzdim ki, onlar məğlubiyyət ərəfəsindədirlər, sayları çoxdur, silahları var, hələlik bütün imkanlarından istifadə etməyiblər, amma hadisələrin gedişi rus ordusunun xeyrinə deyil. Rus ordusunun məğlubiyyəti Qərbin Ukraynaya verəcəyi müasir silahların kəmiyyətindən asılıdır. Əgər uzaqvuran raketlər, 50-60 F-16 versələr, qüvvələr nisbəti kəskin dəyişəcək. Çünki Ukrayna ordusunun döyüş qabiliyyəti Rusiyadan daha yüksəkdir. Bu da təbiidir, çünki onlar öz vətənlərini müdafiə edirlər.
- Artıq Ukraynada döyüşən rus ordusunun müəyyən bölmələrinin və ya hərbçilərinin qiyamçı “vaqnerçilər”in tərəfinə keçməsi haqda məlumatlar da gəlir. Yəni belə bir ehtimal varmı ki, son gəlişmələr rus ordusunu da parçalasın?
- İstisna etmirəm. Düzdür, məndə bu haqda geniş məlumat yoxdur, amma istisna deyil. Belə bir durum ordunu parçalaya bilər. Elə ki dövlət aşınmağa başladı, orada intizam pozulur, ali rəhbərin nüfuzu düşür, nəticədə aşağı mərtəbələrdə oturan adamlar öz mənafelərini önə çəkməyə başlayırlar. Beləliklə, dövlət dağılmağa başlayır. Bizim halda bunun qarşısını almaq üçün Əbülfəz Elçibəy Heydər Əliyevi çağırdı, bəs Putin kimi çağıracaq? Putin heç kimi çağıra bilməz. Hakimiyyəti kiməsə ötürəcəyini düşünmürəm, çünki onu canından artıq istəyir. Amma hər halda rus dövlətinin aşındığı, sütunlarının sarsıldığı, çatladığı şübhə doğurmur.