Ermənistanın son təxribatı tərəflər arasında görüş ərəfəsində baş verdi. Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti görüş baş tutdu. Elə bu ərəfədə erməni tərəfi öz “ənənəsinə” sadiq alaraq təxribata əl atdı. Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hələ də qalmaqda olan qanunsuz erməni hərbi birləşmələrinin atəşi nəticəsində Ordumuzun əsgəri yaralanıb.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, onların məqsədi Vaşinqtonda baş tutan görüşü pozmaq idi:
“Azərbaycan tərəfi erməni təxribatına cavab olaraq ötən gün PUA-lardan istifadə etməklə Xocavənd və Ağdərədəki qanunsuz erməni silahlılarının mövqelərinə zərbə edirib. Bununlada 4 erməni terrorçusu məhv edilib. Bu, əslində erməni tərəfinin gərginliyi artırmaq üçün etdiyi cəhd idi”.
Polkovnik hesab edir ki, Vaşinqtonda baş tutan görüş öncəsi rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən Azərbaycan əsgərinə atılan atəşin əmr verildiyi ünvan bəllidir:
“Çünki Rusiya Moskva platformasından kənarda olan danışıqları qəbul etmək istəmir. Prosesi də məhz bu cür pozmağa çalışırlar”.
Ekspertin fikrincə, erməni tərəfinin bu davranışları fonunda Azərbaycan sonuncu və həlledici antiterror əməliyyatlarına başlayacaq:
“Ermənilərin iddia etdiyi kimi bura heç də 20 minlik Azərbaycan komandosu yeridilməyəcək. Əslində Xankəndi ətrafında olan Azərbaycan Ordusunun kontingenti qanunsuz erməni silahlılarını zərərsizləşdirməyə bəhs edəcək”.