Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ərəfəsində hərbi təxribata əl atıldı. Bu təxribatı rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni silahlı birləşmələri törətdi. Nəticədə Ordumuzun bir əsgəri yaralandı. Azərbaycan Silahlı Qüvvələri adekvat addımlar ataraq düşmənin hərbi mövqelərini darmadağın etdi. Artıq 5 erməni terrorçusu bu təxribata görə məhv edilib.
Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, bu təxribat heç də təsadüfdən baş verməyib:
“Çünki rus sülhməramlıları müxtəlif yerlərdə artıq hərəkətlərə yol verir. Son vaxtlar onların bu cür davranışları demək olar ki, hərbi qarşıdurma ilə müşayiət olunur. Bütün bunlar onu deməyə əsas verir ki, baş verən təxribatların arxasında rus sülhməramlılarının təhrikedici davranışları dayanır. Çünki onlar qanunsuz erməni silahlılarını Azərbaycan Ordusu ilə toqquşdurmaq üçün əllərindən gələni edirlər”.
Politoloq hesab edir ki, Rusiyada baş verənlər müstəvisində diqqəti Qarabağa çəkmək niyyəti açıq görünür:
“Bu, eyni zamanda Vaşinqtonun vasitəçilik prinsipinə olan qısqanclıqdan qaynaqlanır. Rusiya Qərbin, Avropa İttifaqı və ABŞ-ın təşəbbüsü ilə keçirilən sülhyaratma prosesini əngəlləmək, pozmaq, gözdən salmaq üçün təxribatlara əl atır. Moskva ağır ictimai-siyasi böhran içərisində olsa da özünə xas olan müxtəlif zərərli adətlərindən əl çəkmir”.
Qabil Hüseynliyə görə, ABŞ-da, Virciniya ştatında baş tutan görüşlərdə olacaq irəliləyişlər Rusiyada dərin narahatlıq yaradır:
“Ona görə də, bölgədə bu cür təxribatların olmasına yol verilir. Amma buna baxmayaraq Azərbaycanın tələbi odur ki, burada sülhdən danışılırsa bizim ərazimizdə bir nəfər də olsun erməni əsgəri qalmasın. Sülh müqaviləsi imzalanana qədər bu silahlılar Azərbaycan ərazisindən çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan bunu özü lazımı bildiyi tədbirlərlə həyata keçirəcək”.