Bu gün jurnalistlər dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Onların bəziləri müharibə şəraitində reportajlar hazırladıqları üçün ölüm və terror təhlükəsi ilə üz-üzə gəlir. Ancaq AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına edilən hücum anlaşılan səbəb deyil. Beləki, rəsmi Paris ölkəsinin sərhədlərini qanuni şəkildə keçmiş şəxslərin, daha da önəmlisi, prosedurlara uyğun şəkildə akkreditə olunmuş media mənsublarının təhlükəsiz formada qanuni peşə fəaliyyətinə təminat verməyə borclu olduğu halda özünün dövlətdaxili hüquq və beynəlxlaq hüquqla müəyyənləşən öhdəliklərini kobud şəkildə pozur. Fransada Azərbaycan Televiziyası əməkdaşlarına hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən vandalizm aktıdır. Jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Əgər bu hadisə Avropanın mərkəzində baş verirsə, köhnə qitədə demokratiya və söz azadlığının tədricən yalnız sözə çevrildiyi fikrini söyləmə əsas verir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, hər zaman demokratik hüquqlardan, milli dəyərlərdən dəm vuran Fransada 17 yaşlı əlcazairli bir gənc polis tərəfindən güllələnib öldürüldükdən sonra insanların küçələrə axaraq kütləvi aksiyalara qoşulması və ayrıseçkiliyə görə insanlara zorakılıq tətbiq etməsinə görə narazılıq etməsi qarşılığında hökumətin sərt tədbirlərə əl atması bir daha demokratik dəyərlərin necə qorunmasından xəbər verir. Bu Fransa hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir və Makron hakimiyyətinə vətəndaşların etimadsızlıqdan irəli gəlir. Bu həmçinin onu göstərir ki, Fransa dövləti xüsusilə erməni lobbisinin əlində oyuncağa çevrilib. Əvvəlcə Fransada səfirliyimizin binasına hücum olundu, indi də dövlət kanalını təmsil edən jurnalistlərə hücum edildi.
Millət vəkili vurğulayıb ki, təəssüfedici məqam isə ondan ibarətdir ki, bütün bunlara qərb medias, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Bu bünyaya demokratiya dərsi keçən Qərbin iç üzüdür: Qərbin və Avropanın insan haqlarını müdafiə edən və bizə qarşı qərəzli hesabatlar yayan dairələr Fransadakı bu özbaşınalıqları niyə dilinə gətirmirlər? Sanki Fransa kimi ölkələrdə insan haqlarının, hüquqlarının pozulması normal bir haldır. Ancaq digərlərində cüzi bir lokal hadisə dünyada gündəm yaradacaq bir hala çevrilir. Yaxşı olardı ki xüsusilə də Qərb və Avropa institutları, AŞPA, AP kimi qurumlar öz daxili aləmlərinə də göz gəzdirərdilər.
“Bu gün də ölkəmiz demokratik dəyərlərə əsaslanmış dövlət qurub müstəqil siyasət yürüdür. Makron və Fransada insanlara qarşı diktatura rejimini tətbiq edənlər əvvəl özlərinin hakimiyyəyində düzəlişlər etsinlər və sonra digər ölkələrdəki haqq-ədalətdən danışsınlar. Fransada baş verən hadisələr bir daha sübut edir ki, digər ölkələrə insan hüquq və azadlıqlardan dərs deməyə onların mənəvi haqqı yoxdur", millət vəkili Tamam Cəfərova belə deyib.
Millət vəkili əlavə edib ki, jurnalistlərimizə hücum edən şəxslər də adi sıravi vətəndaşlar deyil, bu hadisələrin işıqlandırılmasından narahat olan Fransa hakimiyyəti ilə birbaşa əlaqədar şəxslərdir. Ümid edirik ki, jurnalistlərin beynəlxalq konvensiyalarla tənzimlənən təhlükəsizliyini təmin edə bilməyən Fransa hökuməti bu barədə açıqlama verəcək. Jurnalistlərimizə olan hücumu vandalizm aktı və Fransada mətbuata qarşı da zorakılıq hesab edirəm. Hadisə barədə Fransa hökuməti və hüquq-mühafizə orqanları tezliklə ölçü götürməlidir. Əks təqdirdə bənzər hadisələr təkrarlana bilər. Fransa hökuməti bununla bağlı əməli tədbirə keçməli və mütləq şəkildə səbəbkarlar məsuliyyətə cəlb olunmalıdır.