30 İyun 2023 14:28
4 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı yanaşmalar heç də eyni deyil. Çünki bu iki dövlət arasında olan münasibətlərdə absurd deyilən bir məsələ var. Əslində isə Azərbaycan və erməni xalqına sülh lazımdır və bu ümumi inkişafın xeyrinədir. Faktiki olaraq hər iki ölkə liderləri üçün də bu, xeyirli və zəruri məsələdir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, çünki hər iki dövlət münaqişəni bir kənara atıb digər inkişaf istiqamətləri ilə məşğul ola bilər:

“Amma İran və Rusiyanın olduğu kimi, ABŞ-la, Fransanın da bu bölgədə qalıcı münaqişə ilə bağlı planları var. Buradan hərə öz faydasını götürmək istəyir”.

Politoloq hesab edir ki, məhz bu cür yanaşmalar anormallıq yaradır:

“Bundan çıxış üçün Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan oturub, danışıb razılığa gəlməlidir. Çünki vasitəçi kimi çıxış edən kənar qüvvələr iki dövlətin birbaşa təmaslarına imkan vermir. Ona görə də, Rusiya dəridən-qabıqdan çıxır, İran çalışır ki, münaqişə yenidən qızışsın”.

Zərdüşt Əlizadəyə görə, Ermənistanda 30 il bu münaqişə ilə məşğul olan rus kəşfiyyatının tabeçiliyində olan xeyli mütəşşəkil qüvvə var:

“Onlar da məhz bu münaqişənin bitməsində maraqlı deyil. Erməni xalqı arasında bəzi absurd iddiaları da bu qüvvələr ortaya atır. Məqsəd razılaşmaya mane olmaq, sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir. Ümumi mənzərəyə nəzər saldıqda Vaşinqtonda baş tutan görüşlərə də ümidlə yanaşmaq olmur. Çünki bu cür mövqe Qarabağda daha bir müharibəyə gətirib çıxara bilər. 44 günlük müharibə qədər geniş hərbi əməlliyyatlar səviyyəsində olmasa da silahlı toqquşmanın olacağı qaçılmaz görünür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər