4 İyul 2023 19:12
2 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb:

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, son təxribatlar fonunda Qarabağda antiterror əməliyyatlarının başlanması ilə bağlı fikirlər var. Vaşinqton görüşündən sonra bu məsələ daha da aktuallaşıb. Sizcə, prosesin bu səviyyəyə qədər inkişafına səbəb nədir?

- Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüşlə bağlı ABŞ tərəfindən bəyanatlar verilsə də bu ölkəmiz tərəfindən təsbit edilmədi. Bu görüşlə bağlı verilən şərhlərdən bəlli oldu ki, Ermənistan yenə də sülh sazişinin bağlanmasına ən müxtəlif şəkildə maneə olmağa çalışır. Erməni tərəfinin gətirmiş olduğu arqumentlər Qarabağda yaşayan ermənilərin təhlükəsizlyi və hüquqları ilə bağlı beynəlxalq mexanizmin yaradılması ilə bağlıdır. Sözsüz ki, Azərbaycan heç bir halda buna imkan verməyəcək. Bu mənada ölkəmizin mövqeyi milli və dövlət maraqlarına xidmət edir. Eyni zamanda bu beynəlxalq hüquqa tamamilə uyğundur.

- Belə olan halda Ermənistan sülhdən necə yayına bilir?

- Çünki Ernənistan ABŞ və Avropa Birliyi tərəfindən sülhə məcbur edilmir. Bu da Ermənistanın indiki mövqeyinin möhkəmlənməsini stimullaşdırır. Qarabağda hələ də qalmaqda olan qanunsuz silahlı dəstələr Azərbaycan Ordusunun mövqelərini davamlı olaraq atəşə tutur. Eyni zamanda bu qanunsuz silahlılar burada özləri üçün dayanıqlı hərbi istehkamlar yaratmağa çalışır. Digər tərəfdən isə rus sülhməramlılarının birbaşa himayəsi altında bu terrorçular müxtəlif yerdəyişmələr edir. Faktiki olaraq Qarabağ İqtisadi zonasında ermənilərin yaşadığı ərazilərdən Azərbaycana qarşı təxribatlarə artıq ardıcıl xarakter almağa başlayıb. Müşahidə edilən odur ki, Qarabağda da revanşistlərin sayı artmaqdadır. Amma buna baxmayaraq orada da Azərbaycanla münasibətlərə fərqli yanaşanlar var.

- Təxribatlarda rus sülhməramlılarının rolunu necə dəyərləndirmək olar?

- Sülhməramlılar indiki halda burada gərginliyin aradan qaldırılmasında maraqlı deyil. Sülh sazişinin imzalanması onların buradan getməsi deməkdir. Onlar Azərbaycanda qalaraq Ermənistanda öz mövqelərini möhkəmləndirmək naminə Qarabağda məsələlərin birdəfəlik həllinə maneçilik yaradır. Bu məqsədlə separatçılara, terrorçulara dəstək verməklə vəziyyəti gərginləşdirməyə çalışırlar. ABŞ və Avropa da isə guya Azərbaycanın sülhə hazır olmaması ilə bağlı təəsüratlar yaradılır. Çünki Qarabağda hələ də mövcud olan separatçıların və qanunsuz silahlıların Azərbaycana qarşı atmış olduğu aqressiv addımlar sözsüz ki, ölkəmiz tərəfindən cavabsız qalmır. Bu isə başqa bir rakursdan dezinformasiya kimi beynəlxalq aləmə təqdim edilir. Məqsəd bu kimi hallardan Azərbaycan qarşı təzyiq kimi istifadə etməkdir.

- Bu ay Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşdə sülhlə bağlı konkret mətn üzərində hansısa razılaşmaların olacağı ehtimalını necə dəyərləndirirsiniz?

- Burada əslində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşqinton görüşlərində müzakirə etdiyi məsələlərin davamı olacaq. ABŞ-da buna nail olmaq mümkün olmadı. Avropada bunun necə olacağını söyləmək çox çətindir. Lakin proses gedir. Bu prosesi dayandırmaq doğru olmaz. Azərbaycan bütün platformalarda sülh sazişinin bağlanması ilə bağlı mövqeyinə sadiqdir. Ermənistana diplomatik müstəvidə təzyiqlər etmıəklə sülh sazişinin imzalanmasına nail olmaq başlıca şərtdir. Azərbaycan addım-addım bu müstəvidə irəliləyir.

- Sülh olmasa, sülhə məcburetmə əməliyyatı necə icra ediləcək?

- Sülh istiqamətində irəliyə doğru ciddi nəticə olmasa Azərbaycan Qarabağda olan qanunsuz erməni silahlılarının buradan birdəfəlik çıxarılması üçün antiterror əməliyyatları aparmağa başlayacaq. Çünki bu artıq prosesin son həddidir. Sərt gücdən istifadə edib antiterror əməliyyatını zərgər dəqiqliyi ilə icra edərək mülki insanlara heç bir zərər vurmadan terrorçuların bütün hərbi obyektləri məhv ediləcək. Məhz bununla yeni bir situasiya yaranacaq. Beləliklə sülh sazişinin imzalanması prosesi də sürətlənmiş olacaq. Bu baş versə əslində ilin sonuna kimi proses başa çatacaq. Ona görə də, Brüssel görüşündən sonra məsələlərlə bağlı mənzərə açıq şəkildə görünəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər