“Dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı Azərbaycan sədrliyi dövründə - 2019-cu ildən bəri özünün dinamik və effektiv fəaliyyəti ilə dünyada geniş nüfuz qazanıb. Regionda söz sahibinə çevrilən Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatların güclənməsində və idarə olunmasında mühüm rol oynayır. BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığa xüsusi üstünlük verirlər. Bu baxımdan Azərbaycanın rəhbərlik etdiyi dönəmdə Qoşulmama Hərəkatı daha da güclənib, dünyada baş verən iqtisadi, siyasi və sosial proseslərə təsir imkanı genişlənib, beynəlxalq əlaqələri daha da artıb”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 il ərzində daim beynəlxalq hüququ və ədaləti müdafiə edib. Hərəkata üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının parlaq nümunəsi idi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etdi. Quruma sədrliyimiz koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etsə də, birlik çevik və səmərəli fəaliyyətini qoruyub saxlaya bildi. Sözsüz ki, hərəkatın güclənməsində Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, peşəkarlığı və siyasi iradəsi mühüm rol oynadı. Pandemiyanın ağılasığmaz fəsadları qarşısında dünya ölkələrinin əksəriyyəti beynəlxalq aləmdən sanki təcrid olundular. Belə bir dövrdə Azərbaycan Prezidenti liderlik rolunu üzərinə götürdü və qlobal bəlanın həlli üçün təklif və təşəbbüslərlə çıxış etdi. Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev təklif etdi ki, BMT Baş Assambleyası pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilsin. Bu təklif birmənalı şəkildə dəstəkləndi. Cənab Prezident həmçinin “peyvənd millətçiliyi”nə qarşı fəal mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda konfransı keçirildi. Ötən ilin iyulunda Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini özündə birləşdirən Gənclər Təşkilatı təsis edildi”.
R.Alıyevin sözlərinə görə, Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü dəstək qazandı:
“Qarabağın Azərbaycan ərazisi olduğu, ərazilərimizin Ermənistan tərəfindən işğalı nüfuzlu təşkilat və ölkələr tərəfindən etiraf olundu. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin Hərəkata üzv dövlətlərin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin müzakirəsinin və qəbulunun qarşısı alındı. Bu gün dünyada sülh və təhlükəsizlik sisteminin kövrək olduğunu, “Soyuq müharibə”nin mahiyyətcə yeni fazaya keçdiyini nəzərə alaraq Qoşulmama Hərəkatının üzərinə böyük missiya və məsuliyyət düşür. Qlobal ərzaq böhranı, iqlim dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi Qoşulmama Hərəkatı üçün aktual məsələlər olaraq qalır. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının daha bir mühüm tədbirinə ev sahibliyi edir. Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşü keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxış edərək Ermənistanın vandalizm hərəkətləri barədə geniş məlumatlar verdi. Ölkə başçısı bildirdi ki, işğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanları isə donuz və inəklər üçün tövlə kimi istifadə olunub. Bu, bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı QH üzvlərinə ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə məlumat verdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etdi”.
Sonda politoloq qeyd edib ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etməklə ölkəmiz qlobal həmrəyliyə töhfələr verir:
“Qoşulmama Hərəkatının ötən 4 illik fəaliyyətinə nəzər salsaq, qurumun dünyada gedən iqtisadi-siyasi proseslərdə aktiv rol oynadığını, beynəlxalq hüququ, sülh və sabitliyi daim dəstəklədiyini görmək olar".