ABŞ-ın Cənubi Qafqaz, o cümlədən Azərbaycan və Ermənistan istiqamətindəki siyasətində korrektələr mövcuddur. Ukrayna müharibəsindən sonra bu, açıq şəkildə görünür. Bu mənada ABŞ-ın Ermənistandakı səfirinin Qarabağda yaşayan ermənilərlə bağlı açıqlaması olduqca əhəmiyyətli bir bəyanatdır.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Nikol Paşinyan Qərb platformasında Qarabağı Azərbaycan ərazisini kimi tanıdığını bəyan edir:
“Bu, əslində erməni cəmiyyətinə verilən bir mesajdır. Eyni zamanda ABŞ tərəfindən belə bir mövqenin sərgilənməsi Azərbaycan diplomatiyasının böyük uğuru hesab edilir. Qarabağda hələ də qalmaqda olan separatçı rejimin ləğv edilməsini, oradakı dinc ermənilərlə Azərbaycanın dialaq aparması məsələsini ölkəmizin daxili siyasəti kimi qəbul edilməsi vacib amildir. Çünki 44 günlük müharibə və ondan sonrakı dövrdə ABŞ-da olan ermənipərəst qüvvələrin fəallığı hissi edilirdi”.
Politoloqun fikrincə, bütün bunlar onu göstərir ki, separatçılar bundan sonra bir neçə həftə indiki amplualarında qalacaqlarsa, bu, Azərbaycan Ordusunun antiterror əməliyyatlarına başlaması ilə nəticələnəcək:
“Sadəcə olaraq Azərbaycan bəzi regional aktorlardan qanunsuz silahlıların çıxarılması ilə bağlı konkret mövqe gözləyir. Amma bu baş verməsə rəsmi Bakı diplomatik müstəvidən, hərbi yola keçəcək”.