7 İyul 2023 19:18
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-11-də Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibinin Azərbaycanın dövlət rəsmiləri, həmçinin dini icmalarının nümayəndələri ilə görüşləri keçiriləcək.

Qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri böyük inkişaf yolu keçib. Ötən il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. 2021-ci ildə Azərbaycan Müqəddəs Taxt-Tacda səfirliyini təsis edib. Bununla əməkdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə yeni təkan verilib.

Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı siyasi dialoq yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərləri, eləcə də Papa Fransiskin Azərbaycana səfəri bu dialoqun daha da dərinləşməsinə xidmət edir.

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası mədəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.

Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlər də həyata keçirilir. Görülən işlər Azərbaycanın sivilizasiyalar və dinlərarası dialoqa, eləcə də dünyada tolerantlığın təşviqinə istiqamətləndirilən addımlardı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər