“Laçın” dövlət sərhədində buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin buradan hərəkətinə lazımi şərait yaradılıb. Amma son yoxlamalar zamanı aşkarlanan pozuntular təəssüf doğurur. Görünən odur ki, ermənilər tərəfindən BQXK-nin nümayəndələri ələ alınıb. BQXK dünyada humanist prinsiplərin həyata keçirilməsində böyük rol oynayıb. Azərbaycan da öz növbəsində bu təşkilatın fəaliyyətinə həmişə hörmətlə yanaşıb. Amma erməni millətçiləri istənilən situasiyadan öz xeyirlərinə çirkin məqsədlər üçün istifadə etməyə çalışırlar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan Laçın keçid-buraxılış məntəqəsini yaratdıqdan sonra özünün sərhəd bütövlüyünü təmin etdi:
“Eyni zamanda dövlətimiz öz ərazisinə giriş və çıxışın beynəlxalq hüquq normalarına əsasən həyata keçirməyə başladı. Əslində bütün dünya ölkələrində qaydalar bu cürdür. Heç bir dünya ölkəsinə nəzarətsiz daxil olmaq və çıxış yoxdur. Bu normal bir prosesdir”.
Deputat hesab edir ki, Azərbaycanın Qarabağ istisadi zonasında yaşayan ermənilər Laçın buraxılış məntəqəsindən sərbəst şəkildə istifadə edirdilər:
“Eyni zamanda BQXK-nin nümayəndələri də öz maşınlarında ehtiyac yarandıqda həmin postdan istifadə edir. Amma son hadisələr göstərir ki, ermənilər burada da öz çirkin fəaliyyətindən əl çəkmir. Şübhəsiz ki, BQXK bu faktla bağlı araşdırma aparmalı və Azərbaycan hökumətinə geniş izahat verməlidir. Bunun necə, nə üçün baş verməsi, komitə nümayəndələrinin ermənilərin çirkin fəaliyyətinə şərait yaratması araşdırılmalıdır”.
Millət vəkilinə görə, BQXK-nin prinsiplərinə ziddi hərəkət mütləq araşdırılmalıdır və buna ilk növbədə hüquqi-siyasi qiymət verilməlidir:
“Eyni zamanda prosesin gedişini analiz etsək görərik ki, Laçındakı sərhəd keçid məntəqəsi olmayana qədər Azərbaycan ərazisinə nələr daşınıb və hansı proseslər baş verirmiş? Görünən odur ki, Azərbaycan dövləti Laçında sərhəd-buraxılış məntəqəsi yaratmaqla nələrin qarşısını qətiyyətlə almağa nail olub. Ona görə də, bu gün ölkəmizi heç kəsin nədəsə ittiham etməyə haqqı yoxdur. Bu, ilk növbədə suveren hüququmuzdur. Bu hadisənin özü bir daha göstərir ki, Azərbaycan Laçında post qurmaqda haqlı idi. Bu post bundan sonra həmişə olacaq. Heç bir kəs bizim möhkəmliyimizi, suverenliyimizi sınağa çəkməyə çalışmasın”.