Azərbaycanın öz ərazisində olan qanunsuz erməni silahlılarına qarşı istənilən vaxt antiterror əməliyyatları keçirib, onları ərazimizdən təmizləyə bilər. Buna heç kim mane ola bilməz. Burada sülhməramlıların antiterror əməliyyatlarına hansı halda maneçilik yaratması ilə bağlı səslənən fikirlər də əsassızdır. Çünki ərazimizə müvəqqəti olaraq yerləşmiş rus sülhməramlıları elə ilk gündən burada qanunsuz erməni silahlılarına hərbi postlar və digər imkanlar yaratmağa çalışıb.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, rus sülhməramlıları faktiki olaraq bu gün separatçıların müdafiəçisi rolunda çıxış edib:
“Müharibədən sonra sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidən Azərbaycan Ordusunun bölmələrinə qarşı edilən təxribatların çoxu onların mövqelərinin arxasından edilib. Azərbaycanın Şuşa-Laçın yolunun girişindəki postuna qumbara atan erməni cəzasız qaldı. Eyni zamanda digər terrorçular da indiyə kimi rus sülhməramlıları tərəfindən qorunub”.
Polkovnik hesab edir ki, Qarabağda hələ də qalmaqda olan terrorçuların hərbi təlimlərinə şərait yaradan da sülhməramlılardır:
“Uçtərəfli razılaşmanın 4-cü bəndində orada olan qanunsuz silahlıların təksilah edilməsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq sülhməramlılar bunun əksinə olaraq gizli yollarla onları silahlandırır. Azərbaycan tərəfi Laçında sərhəd-buraxılış məntəqəsi yaratdıqdan sonra silah-sursatın daşınmasının qarşısı qətiyyətlə alındı. Amma buna baxmayaraq sülhməramlılar hələ də qanunsuz silahlıların daimi olaraq yerdəyişməsinə köməklik göstərir”.
Şair Ramaldanova görə, BMT-nin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün antiterror əməliyyatlarına başlaya bilər:
“Bölgədə olan sülhməramlı qüvvələrin sayı və silah-sursat təchizatı Azərbaycanın antiterror əməliyyatlarının qarşısını almaq üçün yetərli deyil. Sözsüz ki, Azərbaycan tərəfi zamanı çatan kimi belə bir qərar verəcək. Bununla bağlı real təcrübə var. Ona görə də, vaxt terrorçuların ziyanına işləyir”.