12 İyul 2023 18:10
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Prezident İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş vermiş xoşagəlməz olay barədə ətraflı çıxışı göstərdi ki, məsələ ilk gündən ölkə rəhbərinin diqqət mərkəzində olub və o, kifayət qədər dolğun informasiyalara sahibdir. Söyüdlü kəndindəki narazılığın artmasının başlıca səbəbi kimi həm xarici şirkətin qanunlarımıza hörmətsiz yanaşması, həm müvafiq nazirliyin fəaliyyətsizlik önə çəkildi. Eyni zamanda xaricdə və daxildəki bəzi təxribatçıların bu prosesi qızışdırdığı məlum oldu. Cənab Prezident Söyüdlü kəndində baş verənlərə çox obyektiv yanaşma sərgilədi”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirdi.

Onun sözlərinə görə, Prezident müşavirədə Gədəbəy sakinlərinin maraqlarını müdafiə edərək xarici şirkətin fəaliyyətindəki neqativ halları dilə gətirdi:

“Ölkə rəhbəri haqlı olaraq qeyd etdi ki, xarici şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Əks təqdirdə fəaliyyəti burada mümkünsüz olacaq. Doğrudan da Qərb ölkələrində ekologiyanı korlayan şirkətlərə qarşı çox sərt tədbirlər görülür. Cənab Prezidentin də qeyd etdiyi kimi, onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi? Onları orada ayaqlarından asardılar. Ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Xarici şirkətlərin Azərbaycanda ekologiyanı kobud şəkildə çirkləndirməsi haqlı olaraq müvafiq nazirliyin fəaliyyətinin qeyri-qənaətbəxş olması təəssüratı yaradır.

R.Alıyev qeyd edib ki, müşavirədə ölkə başçısının Söyüdlü kəndində baş verən xoşagəlməz hadisədə özünü ləyaqətli aparan yeganə orqan kimi polisin adını çəkməsi, əslində Daxili İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymətdir:

“Cənab Prezidentə istənilən qurumun fəaliyyətilə bağlı məlumatlar bir deyil, bir neçə mənbədən daxil olur. Xalqın keşiyində cəsarətlə və sayıqlıqla dayanan Azərbaycan polisinin fəaliyyəti barədə də ölkə başçısında dolğun məlumatlar var. Birinci və İkinci Qarabağ müharibələrində polislərimiz, Daxili Qoşunların əməkdaşları mərdliklə vuruşublar, şəhid olublar, yaralanıblar. Polislərimiz pandemiya dövründə də özlərini çox ləyaqətlə apardılar. Öz səhhətlərini təhlükə altına ataraq onlar gecə-gündüz ölkədə sabitliyi, karantin qaydalarını qorudular. Azərbaycan polisinin sayəsində ölkəmizdə, xüsusilə də, Bakıda ictimai asayiş qorunur, sabitlik hökm sürür. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Dövlətin və xalqın təhlükəsizliyini təmin edən polisə daş atmaq, onu təhqir etmək heç kəsə başucalığı gətirmir. Biz əvvəldən də qeyd etmişdik ki, Söyüdlü hadisəsini qızışdıranlar, orada təxribat törədənlər, polisə qara yaxanlar 5-ci kolonun işləridir. Prosesə xaricdən kifayət qədər güclü müdaxilələr oldu”.

Politoloq əlavə edib ki, Azərbaycan xalqı hər zaman polisə yüksək dəyər verib: “Azyaşlı oğlan uşaqlarının əksəriyyətindən soruşsanız ki, böyüyəndə nə olacaqsınız, deyəcəklər - polis! Bu, təsadüfi deyil. Cəmiyyətdə polis özünü ləyaqətli aparmasa, heç kəs böyüyəndə polis olmaq istəməz. Ordumuzun işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda sabitliyi, sakitliyi polisimiz təmin edir. Terrorçuluğa, insan alverinə, kiber-cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisi çox uğurlu nəticələr əldə edib. Biz hər birimiz polisə münasibətdə ədalətli olmalıyıq, onlara hörmətlə yanaşmalıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər