15 İyul 2023 09:17
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Xankəndidəki separatçılar təşviş içindədir, “hərəkat” yaratdıqlarını, hər gün mitinq keçirəcəklərini, Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini deyirlər. Sizcə, proses reinteqrasiya nöqtəsinə gəlib çatıbmı, yəni təşviş buna görədir?

- Ermənilər 44 günlük Vətən Müharibəsindən sonra bəlkə də onuncu cəhdləridir ki, “yeni hərəkat” yaradırlar. Bununla bağlı çoxlu maliyyə alıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları vasitəsilə dünyaya bir “blokada teatrı” göstərildi. Bu “teatr”da da özlərini “əzilən və acından ölən” kimi obrazlaşdırdılar. Kiçik bir internet araşdırması ilə onların acından ölmədiklərini, əksinə, yaxşı yaşadıqlarını görmək olar. Amma məqsəd qərəz olanda, başqa şey “görürlər”.

Təbliğatı media üzərində qurmuşdular, hesab edirdilər ki, məsələni hüquqi instansiyalara da daşıya bilərlər. Amma Avropa İnsan Haqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın “blokada” ittihamlarını rədd etdi. Öz yalanlarına inanmışdılar, elə bilirdilər ki, başqaları da inanacaq.

Bir sıra beynəlxalq donor təsisatlarının son aylarda Qarabağın dağlıq hissəsinə axını ilə bağlı kiçik bir araşdırma aparmışam. Məlum olur ki, onlar son illərdə Ermənistan da daxil olmaqla Qarabağ ermənilərinə bir sıra mənbələrdən göndərilən maliyyədən çox vəsait ötürüb. Bu, humanitar yardım adı altında olsa da, vəsaitlər əsasən “siyasi təşkilatlanma”, piketlərin təşkili və sairlər bağlıdır. Prezidentin köməkçisi Hikmət Hacıyev də Qarabağ erməniləri ilə bağlı sosial mediada maraqlı paylaşım etdi. Bu da göstərir ki, ermənilər heç də acından ölmürlər, gülürlər, diskotekada əylənirlər, yağ-bal içində yaşayırlar və sair. Bu rolik həm də onu göstərir ki, biz onların orada nə etdiklərini sputnikdən izləyirik, hamısını da aidiyyəti qurumlara çatdırırıq.

İndi orada “hərəkat”ın yaranması heç nəyi dəyişməyəcək. Dediyim kimi, bu axan maliyyəni “yumaq” lazımdır, bunun üçün də piketlər keçirilməlidir və sair.

Ümumiyyətlə, Qarabağ mövzusu “ümumerməni ideologiyası”nın nüvəsində durur. Bu gün bu zəhərli ideologiyanın iki elementi var: türklərə nifrət, Türkiyə və Azərbaycana qarşı ərazi iddiası. Onların fikrincə, Qarabağ iddiasından vaz keçmək “ümumerməni ideologiyası”nın dağılması deməkdir. Bu isə o anlama gəlir ki, “ideologiya” dağılırsa, dünya erməniləri bir qrup erməninin qulu ola bilməyəcək. Bu gün dünyada erməni lobbidi adı altında kriminallaşmış bir biznes var. Onlar dünyanın bir çox ölkələrində çirkli işlərlə məşğuldurlar. Yəni bir qrup adam öz xalqını öz şəxsi maraqları üçün istismar edir. Həmin “ideologiya” da bu məqsədlə önə çıxarılır. Bu “ideologiya” sıradan çıxsa, demək, bu adamları öz əllərinin altında işlədə bilməyəcəklər. Xankəndidəki son proseslər də bunun ayaqda saxlanılmasına olan cəhdlərdir.

Bir sözlə, bütün bunların arxasında ABŞ və Avropadakı erməni lobbiləri dayanır. Bu sırada Fransa və İran da aktiv şəkildə önə çıxır.

- Bəs separatçı general Vitali Balasanyan niyə həbs edildi? Bu, hansı prosesin tərkib hissəsidir?

- Fiki verdinizsə, Vitali Balasanyanın həbsi və “Azərbaycanın tərkibində yaşamaq istəmirk” şüarları ilə Xankəndidə etirazların başlaması eyni gündə elan olundu. Balasanyan və oğlunun həbsi etnik ermənilərin Azərbaycana reinteqrasiyasının qarşısını almağa yönəlmiş addımlardan biridir. Burada bir haşiyəyə çıxım ki, Balasanyan əli azərbaycanlı qanına batmış bir canidir. Balasanyanın həbsi o zaman bizim üçün məqbul olardı ki, onu Azərbaycanın aidiyyəti qurumları həbs etsin. Amma 44 günlük müharibədən sonra etnik ermənilər arasında reinteqrasiyada maraqlı olan bir neçə şəxs oldu. Onlar da Vitali Balasanyan, qardaşı və oğlu idi.

İndi separatçılar arasında bir neçə qrup var. Məsələn, Araik Arutyunyanın başında durduğu Ermənistan hakimiyyətinə bağlı qrup və Ruben Vardanyanın liderliyindəki Rusiyaya bağlı qrup. Araikə qədər separatçı qurumun başında duranlar Rusiyanın və ya FSB-nin nümayəndələri idilər. Yəni Rusiyanın yerə birbaşa təsir imkanı vardı. Rusiya Ermənistan hakimiyyətini Qarabağ məsələsi üzərindən idarə edirdi deyə, Nikol Paşinyan bu sxemi sındırmaq istədi. Nəticədə qondarma rejimin başına Qarabağda biznes maraqları olan, amma qarabağlı olmayan ermənini – Araiki göndərdi.

Bir quldur və cinayətkar qrup da var ki, Azərbaycanın sərvətlərini talayır. Məhz onlar Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərə qarşı qəddar cinayətlər törədirlər. Bu qrupun başında da Vardanyan durur. O, həm də Qərbin buradakı nümayəndəsi sayılır.

Bir də yerli ermənilər var: Vitali Balsanyan, qardaşı və oğlu. Bu şəxslər reinteqrasiyanın tərəfdarıdırlar. Ermənilər bununla bağlı sosial mediada yazırlar ki, əslində, “Azərbaycanın buradakı nümayəndəsi” həbs olunub. Deyim ki, onun həbsi qondarma rejimin qərarı deyil, buna göstəriş həm Rusiya, həm də Ermənistandan gələ bilər. Zənnimcə, həbs qərarı indiki məqamda onun zərərinə olsa da, ümumilikdə, xeyrinə olan məqamlar da var. Bu, Balsanyanın yerli ermənilər arasındakı nüfuzunu bir qədər də artıracaq. Dediyim kimi, bu, etnik ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmaq üçün kənardan edilən cəhdlərdən biridir.

- Son gəlişmələrin Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ilə əlaqəsi varmı? Məsələn, bu görüşdə bəzi məsələlərin razılaşdırılması ehtimalı belə bir qarışıqlıq yarada bilərdimi?

- Son bir neçə ayda hər belə görüşdən əvvəl etirazlar Ermənistanda olurdu. Daha sonra Ermənistan bunu üzərindən atdı, bu dəfə etirazlar Qarabağ ermənilərindən gəlməyə başladı. Qarabağ 30 ilə yaxın xüsusi nəzarətdə olub, bu səbəbdən də oradakı etirazlar özbaşına deyil. Bunlar sifarişlidir və təşkil olunmuş etirazlardır. Bunlar da Ermənistan və sair vasitəsilə təşkil edilir. Son Brüssel, Kişinyov və Vaşinqton görüşləri ərəfədində də Xankəndidə etirazlar keçirilmişdi, hətta atəşkəs rejimi separatçılar tərəfindən pozulmuşdu. Bu görüş ərəfində də həmin mənzərəni gördük.

Brüssel görüşü Kişinyovdakı təmaslardan fərqlidir. Kişinyovdakı görüş sadəcə işçi görüş idi. Almaniya və Fransa prosesi haçalamağa çalışdı. Amma bunun qarşısı alındı. Azərbaycan Fransa ilə bağlı mövqeyini açıqlayıb. Fransaya lazım olan mesajlar çatdırılıb. Əgər Fransa ərazimizdə separatizmə dəstək verirsə, onda biz də SSRİ ilə bağlı təcrübəmizi sınaqdan keçirə bilərik. Fransa SSRİ-dən güclü dövlət deyil. 1988-ci ildə başladığımız proses bir ilin içində SSRİ boyda dövləti çökdürmüşdü. Bu təcrübəmizdən Fransa üçün də istifadə edə bilərik. Əgər ağlı başındadırsa, Makron bundan nəticə çıxara bilər. Məncə, Qoşulmama Hərəkatında Fransa ilə bağlı fəallığa görə nəticə çıxarmalıdırlar. İlkin təəssüratım belədir ki, nəticə çıxarıb.

Brüssel görüşündən əvvəl Xankəndidəki bu etirazlar danışıqlara təsir etməyəcək. Onların nə istəmələrindən və nəyə etiraz etmələrindən asılı olmayaraq, heç kim onların fikrini soruşmur. Çünki ora bir dövlətin tərkibindəki bir bölgədir, elan etdikləri qurum legitim deyil, bu ərazilərin illərdə işğal altında olması heç nəyi dəyişmir.

Sülh sazişinə gəlincə, bu yöndə təzyiqlərin Avropa Birliyindən çox ABŞ-dan gəldiyi təəssüratı var. Ötən ilin yayına qədər əmin idim ki, sülh sazişi yalnız Moskvada imzalana bilər, amma indi durum tam dəyişib. Rusiyanın Ukraynada məqsədlərinə çatmayan uğursuz əməliyyatları, bu fonda federasiyada baş verən qiyam və növbəti qiyamın mesajını verilməsi, bununla əlaqədar hakimiyyətin bölünməsi prosesinin başlanması gedişata ciddi təsir göstərdi. Bu gəlişmələr fonunda regionda sülh vacibdir. O səbəbdən də aparılan danışıqlardan nəticə gözləməliyik.

Hamıya aydındır ki, 10 noyabr sazişinin 4-cü bəndi (qanunsuz silahlıların ərazimizdən çıxarılması) yerinə yetirilməlidir, bu, olmayacaqsa, bunu Azərbaycanın özü reallaşdıracaq. Bunu Azərbaycan ordusunun həll etməsi Ermənistan hakimiyyətinin marağına cavab vermir. Bizim də marağımızda deyil, çünki bu durumda bizim də əsgərimiz şəhid olur. Amma məsələni özümüzün həll etməyini istəyirik. Çünki özümüz həll edəndə bəndləri-bərələri özümüz qururuq, bu durumda daha sabit bir təsisat olacaq. Buna görə kiməsə borclu olmayacağıq. Bunu ABŞ və ya Avropa Birliyi edəcəksə, biz onlara borclu qalacağıq. Bu durumda bəndləri onlar quracaqlarsa, onda bizə təzyiq üçün bir yer də saxlayacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər