17 İyul 2023 13:02
4 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüş danışıqların sülh müstəvisində bitməsi üçün başlıca zəmindir. Çünki sülhün birdən-birə təmin olunması mümkün deyil. Ümumilikdə isə son Brüssel görüşündə əhəmiyyətli irəliləyişin əldə olunduğu müşahidə edilir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Qərbi Azərbaycan icması ilə bağlı olan məsələ, Zəngəzur dəhlizindən keçəcək dəmir yolun xəttinin açılmasının konkretləşdirilməsi mühüm önəm kəsb edir:

“Eyni zamanda sərhədlərin 1991-ci il Almatı sənədləri əsasında tənzimlənməsi daha real variant hesab edilir. Hər halda bunu irəliyə doğru addım kimi qiymətləndirmək olar. Burada məsələnin ən azı mövzu olaraq müzakirə edilməsi Azərbaycan üçün faydalıdır”.

Deputatın fikrincə, sülhün Azərbaycan üçün də vacib əhəmiyyəti var:

“Əvvəl-axır bu proses yekunlaşmalıdır. Bu məsələnin bitməsi də sülh sazişinin imzalanmasından asılıdır. Çünki sərhədlərin təhlükəsizliyi və oyun qaydalarının dəqiqləşməsi baxımından bu vacibdir. Avropa İttifaqının bu prosesdə aktiv rol alması, Fransanın tutduğu mövqedən fərqli bir mövqe nümayiş etdirməsi Azərbaycanın maraqlarına uyğundur”.

Fazil Mustafa hesab edir ki, Aİ-nin bu yanaşmasının alt qatında Ermənistana dəstək niyyəti olsa da, masa arxasında bunu bir qədər pərdələməyə çalışırlar:

“Bu, formal da olsa, Azərbaycanın işinə yarayır. Çünki burada məsələ ilə bağlı verilən konkret fikirlər, rəylər, mülahizələr, təkliflər daha çox diqqəti cəlb edir. Məsələyə də elə bu kontekstdən yanaşılmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər