Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, hazırda bölgədə bir qədər gərgin vəziyyət hökm sürür. Sizcə, II Qarabağ müharibəsindən sonra nisbətən sakitləşən münasibətlər sisteminin indiki halda gərginləşməsinə nə səbəb oldu?
- İndi hamı üçün aydın olur ki, sülh prosesini Azərbaycan irəli apardığı halda bəzi qüvvələrə, ölkələrə, dairələrə bu sərf edən məsələ deyilmiş. Xaos, xalqlararası münaqişə, toqquşmalar, nifrət, qan tökülməsindən bir vasitə kimi istifadə edib xalqları öz əhatəsində saxlamaq onları idarə etmək, inkişafdan saxlamaq kimi məsələlər gündəmə gəlir. Paradoksal bir vəziyyət yaranıb. Brüsseldə, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında gedən danışıqlar nəticəsində ölkəmizin yaratdığı reallıq və dövlətimizin ərazi bütövlüyü hamı tərəfindən qəbul olunub. Hətta Ermənistan tərəfi də buna etiraz etmir. Çünki erməni tərəfi prosesə başqa cür yanaşır. Faktiki olaraq Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü bəyan edir. Amma rəsmi sənədə imza atmaqdan çəkinir. Bunun da nədən qaynaqlandığı hər kəsə aydındır. Çünki Ermənistan dövlət kimi hələki özünü sübut edə bilməyib. Onlar faktiki olaraq təşviş içərisindədir. Ermənistan ətrafında gedən proseslər də onların müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan yaratmır.
- Sizcə, bölgədə daimi sülühn əldə edilməsinə başlıca əngəl və problem kimlər tərəfindən yaradılır?
- Burada sözsüz ki, Rusiyanın mövqeyi heç də xoşagələn deyil. Qarabağda yenidən baş qaldıran separatçıların və Rusiya Xarici İşlər nazirliyi tərəfindən verilən bəyanatların üst-üstə düşməsi təsadüfi deyil. Rusiya onu deməyə çalışır ki, sülh müqaviləsi Moskvanın üçtərəfli şərtləri əsasında Kremldə imzalanmalıdır və onun maraqlarını bölgədən keç kəs kənarlaşdıra bilməz. Rusiyanın marağı odur ki, Azərbaycanla Ermənistan ikitərəfli qaydada nəyi razılaşdırsa, belə Moskvanın razılığı olmadan onu reallaşdırmaq mümkün olmayacaq. Hazırda real mənzərə məhz bunu ehtiva edir. Eyni zamanda sülh istiqamətində atılan addımlar burada əsas məqsəd kimi önə çıxmır. Burada daha çox regionda nüfuzunu saxlamaq və qorumaq amili üzə çıxır. Bu isə təbii ki, danışıqlar prosesinə və Rusiyanın bölgədəki mövqeyinə təsir göstərir. Ona görə də, Azərbaycan ictimaiyyətinin ayrı-ayrı təbəqələrində bu açıq-aşkar qeyd edilir.
- Azərbaycanın bu yanaşmalara münasibəti necədir? Sona kimi bu müstəvidə prosesi saxlamaq mümkün olacaqmı?
- Azərbaycan Xarici İşlər nazirliyi tərəfindən Rusiya XİN-nin son bəyanatına cavabı adekvat idi. Çünki burada söhbət hansısa müqavilədən, danışıqlardan getmir. Burada başlıca amil iki xalq arasında dayanıqlı sülh əldə olunması əsas şərt kimi önə çəkilir. Bu kontekstdə sülh sənədinin imzalanmasına tərəflər öz razılıqlarını verdiyi halda separatçı meyilləri gündəmə gətirən və onlara dəstək verənlər şimal yəni, Rusiya istiqamətində öz bayraqlarını qaldırır. Bu da sözsüz ki, Azərbaycan tərəfində çox ciddi narahatlıq yaradır. Təbii olaraq Azərbaycan bundan nəticə çıxarır və çıxaracaq. Bu istiqamətdə ölkəmiz tərəfindən düzgün işlər görüləcək. Gec-tez Azərbaycan öz istəyinə nail olacaq. Çünki ölkəmizin yaratdığı reallıq buna imkan verir.
- Brüssel görüşünün nəticələri ilə bağlı fərqli yanaşmalar var. Burada ilk dəfə olaraq Qərbi Azərbaycan İcması gündəmə gətirildi. Dəmir yolu və sərhədlərlə bağlı konkret mövqe açıqlandı. Bunları gələcək sülh üçün təminat hesab etmək nə dərəcədə məntiqlidir?
- Brüssel və Vaşinqtonda gedən proseslər onu göstərir ki, beynəlxalq müstəvidə nə mümkündürsə onu artıq Azərbaycan edib. Ölkəmiz artıq ərazi bütövlüyü məsələsində beynəlxalq dəstəyə malikdir. Azərbaycanın təklif etdiyi gündəlik Avropa Birliyi, ABŞ tərəfindən tam şəkildə qəbul edilir. Amma burada ən böyük problem Qarabağda baş qaldıran separatizmdir. Bu ABŞ, Avropa Birliyi üçün də başlıca problemdir. Fakt odur ki, separatçılar bu gün rus sülhməramlılarından istədiyi dəstəyi ala bilir. Sülhməramlılar isə Brüsseldən və Vaşinqtondan idarə edilmir. Onlara tapşırıq Moskvadan gəlir. Azərbaycanın hətta Ermənistanın mövqeyi belə Qərb üçün problem yaratmır. Əksinə separatçıların bu şəkildə davranışı Brüsselə, Vaşinqtona həm də Ermənistan iqtidarına qarşıdır və problemlər yaradır. Burada bir məqsəd var o da Rusiyanın bölgədəki maraqlarını qoruyub saxlamaqdan ibarətdir. Ciddi və böyük problem də məhz budur. Məhz bütün bu baş verənlər fonunda son günlər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı olaraq bəyanatların verilməsi mövqelərin açıq şəkildə gündəmə gətirilməsinə başlanılıb. Təbii ki, Azərbaycan öz qarşısına qoyduğu bütün hədəflərə nail olacaq. Sadəcə olaraq separatizm meyillərinin qarşısı nə qədər tez alınsa bu daha yaxşı olacaq.