Son zamanlar separatçıların ajiotaj yaratması, aksiyalar keçirməsi onlara Rusiya və Fransa mətbuatının daha çox diqqət ayırması ilə bağlıdır. Məqsədləri odur ki, dünya ictimaiyyətinin diqqətini bura yönəltsinlər. İddia edirlər ki, guya orada humanitar bir fəlakət yaşanır. Guya mühasirə vəziyyətindədirlər, Ermənistana sərbət gedib-gələ bilmirlər.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, əslində separatçıların bu oyunlarının heç bir əhəmiyyəti yoxdur:
“Çünki gündə 10 dəfə helikopter Qarabağdan İrəvana uçurdusa, bundan sonra 20-30 dəfə belə reyslər həyata keçirəcək. İddiaları da o olacaq ki, ərzaq, dərman və s. zəruri məhsullar daşıyırıq. Əslində isə həmin helikopterlərdə təhlükəli hərbi yüklər daşınır”.
Polkovnik hesab edir ki, hazırda Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hava məkanına ciddi nəzarət yoxdur:
“Azərbaycan tərəfinin əvvəlcədən şərti o olub ki, separatçılara hava məkanından istifadə imkanı verilməsin. Eyni zamanda ölkəmizin digər bir şərti o olub ki, uçuşlarda Araik Arutunyan, Ruben Vardanyan və digər separatçıların iştirakı aşkarlandığı halda hava məkanı qapadılacaq”.
Üzeyir Cəfərova görə, Azərbaycan Qarabağın hava məkanına ciddi nəzarət etməlidir:
“Azərbaycanla gərginlik yaşayan rus sülhməramlılarının həmin hava məkanı vasitəsi ilə hansı yükü aparması bəlli deyil. Amma buna baxmayaraq Azərbaycanın bu hava məkanını bloklaması an məsələsidir. Çünki bu hava yolu ilə rus sülhməramlılarının əli ilə separartçıların məktublara İrəvana daşınır”.