Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra davamlı və ardıcıl siyasət həyata keçirərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normalaşmasına çalışır. Ölkəmiz Ermənistandan fərqli olaraq bu istiqamətdə məqsədyönlü, sistemli, sözü ilə əməli eyni olan davranış sərgiləyir. 6-cı dəfə keçirilən Brüssel görüşü zamanı da bu müşahidə eolundu. İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistannın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutub. Sözsüz ki, bu ilə keçirilmiş görüşün yekunlarını təhlil edərkən bir daha ölkəmizin diplomatik uğurlarının şahidi oluruq.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan bütün danışıqlar boyu və əldə olunmuş razılıqlara beynəlxalq hüquq norma və prinsiplər çərçivəsində əməl edir:
“Ölkə başçısının diplomatik məharəti, həyata keçirdiyi xarici siyasət dövlətimizin mövqeyini daha da gücləndirir. Bu sülh və təhlükəsizliyin təmin olunması prosesinə də öz müsbət təsirini göstərir. Elə Brüssel görüşünün yekunlarına dair Aİ prezidentinin açıqlaması da bunu təsdiq edir. Bu açıqlamada tərəflərin növbəti dəfə qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət etdiklərini bəyan edilib. Ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tanınması görüşün yekunlarına dair verilən açıqlamanın ilk müddəalarındandır. Bununla da bir daha təsdiq olunur ki, Qarabağ Azərabycan ərazisidir. Sərhədlərin delimitasiyası 1991-ci ildə imzalanmış Almata Bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək. Bununla bir daha təsdiq olundu ki, Azərbaycan öz suveren sərhədlərində qurduğu Laçın buraxılış məntəqəsinin fəaliyyəti beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyü prinsipinə tam uyğundur”.
Komitə sədri kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsinin burada müzakirə edildiyini söyləyib:
“Bu da çox mühüm məsələdir ki, hətta Avropa İttifaqı dəmiryolu əlaqəsinin bərpası üçün maliyyə yardımına hazırdır. Deməli, Ermənistanın gətirdiyi bəhanələrdən biri olan maliyyə vəsaitinin çatmazlığı məsələsi aradan qalxır. Və biz ümid edirik ki, yaxın zamanlarda Azərbaycan əsas ərazisi ilə Naxçıvan yenidən quru nəqliyyat vasitəsi ilə birləşə bilər. Artıq dəfələrlə Prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi bölgə ölkələri, dövlətləri üçün yeni imkanlar yaradır. Bu Ermənistan üçün də yeni imkanlar deməkdir”.
Millət vəkili hesab edir ki, Ermənistan dalan ölkədir, müstəqil iqtisadi siyasəti yoxdur:
“Bu ölkə revanşistlərə, erməni diasporasına, müxtəlif qüvvələrə arxayın olmamalı, yaranmış reallığı düzgün qiymətləndirib, doğru qərarlar qəbul etməlidir. Bu görüşdə bir çox məsələlər var idi ki, ilk dəfə səsləndi və prezidentinin verdiyi bəyanatda xüsusi olaraq qeyd edildi. Belə ki, ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsi ilə humanitar təminatınatın həyata keçirilməsi qeyd olundu. İlk dəfə olaraq Avropa İttifaqı “Laçın yolu” terminindən istifadə edildi. Bütün bunlar göstərir ki, Aİ birmənalı şəkildə Qarabağı Azərbaycan bir hissəsi kimi tanıyır və ölkənin digər bölgələri ilə kommunikasiyanın yaradılmasında maraqlıdır. Eyni zamanda, Laçın vasitəsi ilə Ermənistanla Qarabağda yaşayan ermənilərin əlaqələri xüsusi statusu olan nəqliyyat ilə deyil, suveren hüquqlar çərçivəsində sadəcə yol ilə qurulacaqdır”.
Hicran Hüseynova bildirib ki, ilk dəfə olaraq Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına layiqli şəkildə qayıdışının təmin edilməsi məsələsinin müzakirəsini xüsusi vurğulamaq lazımdır: “Bu fakt özlüyündə onu göstərir ki, Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasının təmin edilməsi məsələsinin də müzakirəsi aparılmışdır. Artıq Ermənistan və dünya ictimaiyyəti də görür ki, Azərbaycan bu problemi də diqqətdə saxlayır və xalqımızın bir hissəsinin öz tarixi torpaqlarında yaşamaq hüququnu həmişə müdafiə edəcək. Brüssel görüşü əvvəlkilərdən fərqli edən mühüm məqamlardan biri də Avropa İttifaqının prezidenti Şarl Mişelin verdiyi açıqlamada “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” terminindən istifadə edilməsidir. Yəni, “muxtar vilayət” keçmişdə qalıb və Aİ-ı bunu qəbul edir. Açıqlamada bir daha itkin düşmüş insanların taleyi qeyd olunur. Göründüyü kimi, bəyanatda bir dəfə də olsun “Qarabağ münaqişəsi” və ya “münaqişə” sözləri işlədilməyib. Bu, əlbəttə ki, Azərbaycqnın növbəti diplomatik uğurudur”.