24 İyul 2023 17:46
5 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla yeni müharibə ehtimalının yüksək olduğunu deməsi onun qorxuları, keçirdiyi təlaşla bağlıdır. Fakt odur ki, 44 günlük müharibədən sonra Ermənistan dövlətinin və ordusunun yenidən Azərbaycan Ordusu ilə üz-üzə gəlmək imkanları yoxdur. Əslində Paşinyanın özü da bu reallığı bilir. Sadəcə olaraq bununla o, daxili auditoriyadan dəstək qazanmaq istəyir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Paşinyan bununla həmçinin özü üçün imic formalaşdırmağa çalışır:

“Fakt odur ki, sülhdən qaçan Ermənistan və onun baş naziridir. O, sülhdən danışa-danışa Ermənistan ordusu üçün yeni silahlar alır. Sülh istəyən adam təbii ki, bunu etməz. 10 noyabr 2020-ci il razılaşmasının müddəalarına zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazisindən çıxarılmayıb. Eyni zamanda buna paralel onlarla fakt səsləndirmək olar ki, Ermənistan bunlara əməl etməyib. Erməni tərəfi sülhü sadəcə olaraq şüar kimi səsləndirir. Onun real müstəvidə həlli üçün heç bir addım atmaq istəmir”.

Polkovnik hesab edir ki, Ermənistan tərəfi reallıq hissini unudaraq müharibədən sonra Azərbaycan Ordusunun yeni formalaşmış birləşmələrinin imkanlarını və digər amilləri nəzərə almır:

“Paşinyan yeni müharibə ilə heç nəyə nail ola bilməyəcək və növbəti dəfə daha biabırçı məğlubiyyətlə üzləşəcək. Ermənistan ordusunun Azərbaycan Ordusu ilə baş-başa gəlmək imkanları çox zəifdir. Çünki nəticənin qarşı tərəf üçün ağır və sarsıdıcı olacağı indidən bəllidir”.

Hərbi ekspert erməni tərəfinin Azərbaycanla yeni müharibə və hücum ehtimalları ilə bağlı Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli istiqamətinin seçilməsi məsələlərinə də münasibət bildirib:

“44 günlük müharibədə 30 il o ərazilərdə kifayət qədər möhkəmlənmiş bir ordu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ona görə də, indiki halda onların hansı güc-imkanlarla “Füzuliyə hücum edəcəyik” kimi açıqlamaları sadəcə olaraq blefdir. II Qarabağ müharibəsindən sonra dəfələrlə onlar buna cəhd ediblər. Amma nəticə də onlar üçün ağır olub. Yəqin ki, bunu nəzərdən qaçırmayıblar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər