Tarix rels üzərinə qoyulmuş vaqon deyil. Çünki tarixə insan iradəsinin təsiri var. Ona görə də, müharibə və sülh məsələsini müzakirə edən zaman demək lazımdır ki, heç biri istisna edilmir. Yəni sülhün və yaxud müharibənin olması mümkün olan haldır. Sadəcə olaraq burada ehtimalların faiz dərəcəsi var.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl müharibə ehtimalı 80-90 faiz idi:
“O vəziyyətdə sülh ehtimalı 10-15 faiz təşkil edirdi. İndi isə sülh ehtimalı 80 faiz, yenidən müharibə ehtimalı 20 faizdir. Çünki son müharibənin acı nəticələri Ermənistan və erməni cəmiyəti üçün böyük dərs oldu. Hətta bu müharibədə məğlub olmuş baş komandana, yəni Nikol Paşinyana erməni cəmiyyəti 2021-ci ildəki seçkilərdə yenidən dəstək verdi. Əslində erməni cəmiyyəti bununla müharibə tərəfdarı olan Köçəryan-Sərkisyan komandasının hakimiyyət yolunu bağlamış oldu”.
Politoloq hesab edir ki, Ermənistanın sülh prosesinə yaxınlaşması çox ləng gedir:
“Bu da erməni cəmiyyətinə aşılanmış olan yanlış təsəvvürlərin təlqin edilməsi ilə bağlıdır. Çünki onlar özlərini hələ də hansısa müstəsna xalq, bütün xalqlarda olmayan hüquqların onlarda cəmləşməsi kimi absurd xəyallarda hiss edir. Ona görə də, bu kimi yanlış təsəvvürlər onların həyatını zəhərləyir. Beləliklə, bu amil ermənilərin qonşu xalqlarla normal münasibətlər qurmasına maneə olur”.
Zərdüş Əlizadə hazırda masada Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi bağlı ilə bir neçə təklifin olduğunu söyləyib:
“Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsi və Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası gündəmdə olan məsələlərdir. Bütün bu məsələlər ətrafında fikir müxtəlifliyi var. Ermənistan Zəngəzur yolunun açılmasının əleyhinə olmasa da Rusiya çalışır ki, bu yol üzərində hüquqları öz üzərinə götürsün. Erməni tərəfi isə bunu istəmir. Azərbaycan isə taktiki olaraq Rusiyanı müdafiə edir ki, bu ölkənin Ermənistanla ziddiyyətləri dərinləşsin. Prosesə strateji baxımdan yanaşdıqda Zəngəzur dəhlizinin Rusiyanın deyil, Ermənistanın nəzarətində açılması bizim üçün sərfəlidir. Çünki Rusiya ilə dil tapmaq indi daha çətindir. Yekunda daimi sülhə Ermənistan cəmiyyətinin münasibəti daha önəmlidir. Çünki Paşinyanı hansısa bir terror aktı ilə öldürüb deyəcəklər ki, satqını, xaini öldürdük və bununla da proses dalana dirənəcək”.