Sülh müstəvisində ümumi mənzərəni qiymətləndirmək o qədər də asan deyil. Proses zahirən irəliləyir. Ancaq buna maneəçilik törədən, əngəl yaradan, problemləri başqa istiqamətə yönəldə qüvvələr hələ də az deyil. Bütün bunların hamısı ondan qaynaqlanır ki, sülh müqaviləsi Azərbaycanın yaratdığı reallığı təsdiq edir. Bu, əslində regionda geosiyasi mənzərəni tam şəkildə dəyişir. Bu mənzərə sözsüz ki, Azərbaycanın xeyrinədir. Amma bu halda yeni reallıqlar regiondakı ölkələrin çəkisinin köklü şəkildə fərqlənməsinə gətirib çıxara bilər.
Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, mövcud durumda Azərbaycanın bölgədə nüfuzu artıb: “Başqa ölkələrin mövqeyi isə indi xeyli dəyişib. Ona görə də, bu reallıqdan çəkinirlər.
Təbii ki, regionda baş verənlərdə Rusiya maraqlıdır. Bölgədə kommunikasiyaların açılması ancaq Zəngəzur dəhlizindən ibarət deyil. Burada Şimal-Cənub dəhlizinin də işə düşmə ehtimalı yüksəkdir. Rusiya burada maraqlı olduğu halda narahatlıq və ehtimallar, şübhələr, sona kimi dərk olunmayan təhlükələr onu ciddi addımlar atmaqdan çəkindirir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun köməkçisi mikrofon açıq olduğu halda deyir ki, “keçmiş Dağlıq Qarabağ sözünü işlətməyin, bu Azərbaycanlı həmkarlarımızın xoşuna gəlməyəcək”. Digər tərəfdən Lavrov yenə də öz “ənənəsini” pozmur”.
Səməd Seyidova görə, məhz bu fakt deməyə əsas verir ki, onlara reallıq təsir göstərir və kənara çıxa bilmirlər: “Eyni zamanda ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatları ilə növbəti dəfə gündəmə gəldi. Bu bəyanatları fonunda o, Azərbaycan qarşı ağılasığmaz iddialardan da danışdı. Əslində yeni reallıq Ermənistan üçün də xeyirlidir. Sadəcə onlar bunu dilə gətirməkdən qorxurlar”.
AŞPA təmsilçisi hesab edir ki, reallıqlar nöqteyi-nəzərdən Azərbaycan və Türkiyənin mövqeyi açıqdır: “Çünki yeni bir reallıq yaranıb. Bunu israrla şəkildə möhkəmləndirmək siyasətini Azərbaycan və Türkiyə aparır. İran da öz istiqamətini müəyyən edə bilmir. Cənub qonşumuz bir yandan Azərbaycanla münasibətləri bərpa etməkdən danışır, digər istiqamətdə naməlum xətt yürüdür”.
Millət vəkili bildirib ki, dünyada gedən proseslər regiona ciddi təsir göstərir: “Ona görə də, proseslərin inkişafı burada iştirak edən aktorlardan deyil, həm də dünyada gedən hadisələrdən asılıdır. Rusiya-Ukrayna müharibəsi, ABŞ-Rusiya münasibətlərindən asılı olan məsələlər var. Çinin regiona təsiri də burada mühüm rola malikdir. Bütün bunlar onu deməyə əsas verir ki, regiona qlobal aktorların təsiri çox böyükdür”.