Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edib. Çin və Azərbaycan arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Cənab Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söylədiyi fikirlər onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər möhkəm təməllər üzərində qurulub və bir-birinin maraqlarına hörmət prinsipi əsasında daha da inkişaf edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Prezident müsahibəsində Azərbaycan və Çin arasında inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdə Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi diqqətə çatdırmaqla yanaşı Azərbaycanın qazandığı uğurlar, beynəlxalq münasibətlər sistemində ölkəmizə qarşı olan iki standartları xüsusilə diqqətə çatdırmışdır. Ulu Öndər bu gün Azərbaycanın rəhbər tutduğu daxili və xarici siyasət prioritetlərini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. Şübhəsiz ki, Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasında və inkişafında da Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri iki ölkə arasında əməkdaşlığın çərçivəsini yaratmışdır. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Ötən 30 ildə iki ölkə arasında əməkdaşlıqda yekdil siyasətin olması olduqca önəmlidir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Cənab Prezident müsahibəsində deyib:“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”. Əlbəttə bütün bu məqamlar Azərbaycanın ötən illər ərzində qazandığı iqtisadi uğurların göstəricisidir.
Tamam Cəfərova qeyd edib ki, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və eləcə də “Bir kəmər, bir yol” kimi önəmli infrastruktur layihələri ümumilikdə regional və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açmışdır. Prezident İlham Əliyev müsahibədə Zəngəzur dəhlizinin də işə salınacağını qeyd edib. O deyib: “Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb”. Əlbəttə, Zəngəzur dəhlizinin işə salınması regional və beynəlxalq ticarət əlaqələrində yeni bir mərhələ olacaqdır. Şübhəsiz ki, Zəngəzur dəhlizinin işə salınması Cənubi Qafqazda yeni reallıqları və əməkdaşlıq imkanlarını da müəyyənləşdirəcəkdir. Millət vəkili Tamam Cəfərova belə deyib.