Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb:
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Moskvada Azərbaycanla Ermənistan Xarici işlər nazirlərinin görüşü maraqlı məqamlarla yadda qaldı. Rusiya xarici işlər naziri Sergey Lavrova keçmiş “Dağlıq Qarabağ muxtar vilayəti” ifadəsini işlətmə xəbərdarlığı daha çox diqqəti cəlb etdi. Sizcə, rus diplomatları bu ifadədən necə imtina etməlidir?
- Moskvada baş tutan görüşdə Sergey Lavrovun köməkçisi onun qulağına dedi ki, keçmiş “Dağlıq Qarabağ muxtar vilayəti" termininin işlənməsi Azərbaycan nümayəndə heyətinin xoşuna gəlməyəcək. Amma onun sonrakı çıxışlarında yenə də "keçmiş Dağlıq Qarabağ" ifadəsi işləndi. Halbuki Azərbaycan Prezidentinin Fərmanı ilə Dağlıq Qarabağ coğrafi ərazisi artıq yoxdur. Onun yerində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları inzibati bölgüsü və adı mövcuddur. Amma çox təəssüf ki, Lavrov həmişəki kimi Azərbaycanın qanunlarına və qaydalarına riayət etmək istəmir.
- Sizcə, Rusiya tərəfinin Azərbaycana məxsus inzibatı yer adlarını işlətməsi üçün nə etmək lazımdır?
- Yəqin ki, bir gün Azərbaycan Xarici İşlər Nazirliyi həmin o müşavirə tapşıracaq ki, “sən Lavrovun qulağına pıçılda ki, o Dağlıq Qarabağ ifadəsi də işlətməsin”. Azərbaycan qanunlarına hörmətlə yanaşıb Qarabağ və Şərqi Zəngəzur ifadəsi işlətsin.
- Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan tərəfinin açıqlamalarındakı yanaşmaları necə şərh etmək olar?
- Moskva danışıqlarının nəticəsi olaraq Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarında ümumi bir xətt var di. Onlar açıqladı ki, irəliləyiş olsa da nəticəyə hələ də yaxınlaşmamışıq. Bu, əslində neçə ildir səslənən fikirdir. Demək ki, sülh sazişinə hələ də yaxınlaşılmayıb.
- Nikol Paşinyanın Moskva görüşü ərəfəsində açıqladığı bəyanatların ümumi ab-havaya təsiri necə idi?
- Paşinyanın açıqlamaları daha çox diqqət mərkəzində oldu. Fakt odur ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünə istiqamətlənən ifadələr işlədir. O, hətta Qarabağın onlar üçün yük olduğunu da deyir. Reallıq odur ki, Paşinyan addım atmır. Problem də məhz bundan ibarətdir.
Əgər o, Qarabağı Azərbaycan ərazi bütövlüyü daxilində tanımağa hazırdırsa, onun sülh sazişinə imza atmaması sual yaradır.
- Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti görüşün də anonsu verildi. Yaranmış fəal diplomatik situasiya fonunda tərəflər sülhə nə dərəcədə yaxınlaşa bilər?
- Belə görüşlərdə ciddi nəticə əldə etmək üçün bundan öncə hansısa bir mesajlar, işarələr olmalıdır. Brüssel görüşündən öncə Paşinyan açıqladı kii, “sülh sazişinin imzalanacağına inanmıram”. Bu, artıq o demək idi ki, sülh sənədinə imza atmayacaq.
Moskva görüşündən də öncə optimist açıqlamalar yoxdur. Ona görə də, görüşü qiymətləndirmək üçün ondan öncə verilən açıqlamalara diqqət yetirmək lazımdır. Əgər açıqlamalar sülh sazişinin imzalanmasına zəmin yaratmırsa, deməli, görüşdə nəticə olunmayacaq.
- Sülh sazişini yaxınlaşdırmaq üçün hansı addımlar atılmalıdır?
- Son Moskva görüşünün yekunu olaraq verilən açıqlamalar da sülh sazişinin yaxınlaşdığına işarə vermir. Liderlərin görüşündə də bu, belə olacaq. Nəticədə oxşar açıqlamalar veriləcək ki, sülh prosesinə xeyli yaxınlaşmışıq.
Brüssel görüşünün nəticəsi olaraq hər dəfə Şarl Mişel optimist açıqlamalar verir. Ona görə də, Moskvada liderlərin növbəti görüşü heç də sülh sazişinin vaxtını yaxınlaşdırmayacaq. Növbəti bu tip görüşün isə oktyabrda Brüsseldə olacağı gözlənilir. Bu o deməkdir ki, həmin vaxta qədər nəsə bir nəticə gözləmək əbəsdir.
- Sülhün olmaması və yaxud uzun müddət yubanması hər iki tərəf üçün hansı problemlər yarada bilər?
- Ermənistanla sülhün olmaması Azərbaycan üçün heç bir problem yaratmır. Prezident İlham Əliyev də bunu bir neçə dəfə vurğulayıb. Sülh sazişi yoxdur, sərhədlər müəyyənləşməyib, kommunikasiya xətti açılmayıb kimi məsələlər bizim üçün problem deyil.
Azərbaycan üçün əsas məsələ daxildə, Qarabağdadır. Bu məsələlər həll edilməlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Azərbaycan da onun ərazi bütövlüyün tanımayacaq.
- Separatçıların son çağırışları və şantaj xarakterli addımları nəyə hesablanıb? İndiki halda absurd formada dirəniş göstərməkdə məqsəd nədir?
- Bu gün Qarabağda olan separatçılar Rusiya ilə əlbir olaraq Azərbaycana qarşı təxribatlara əl atmağa çalışır. Amma heç bir faydası olmayacaq. Çünki indi 90-cı illər deyil. Regional vəziyyət də Azərbaycan üçün tam şərait yaradır ki, yaxın müddətdə Qarabağda olan məsələləri öz xeyrinə həll etsin.
Əslində separatçılar özlərini gülünc vəziyyətə salıblar. Amma təxribata əl atmış olsaydılar Azərbaycan onları təksilah etmək üçün hərəkətə keçəcəkdi. Onlar bunu başa düşür. Azərbaycana atəş açıb nə qazanacaqlarını bilirlər. Çünki nəsə bir addım atsalar, bunun ağır nəticəsi onları çıxılmaz vəziyyətə salacaq. Əlləri hər yerdən üzüldüyü üçün şantaj yolunu seçiblər. Bunun da onlar üçün heç bir faydası yoxdur.