27 İyul 2023 18:58
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana silah satışı ilə bağlı ölkəmizin Hindistanın Azərbaycandakı səfirinə haqlı etirazı bildirilib. Ölkəmiz təbii ki, bunu qəbul edə bilməz. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Hindistanın erməni tərəfinə silah tədarük etməsi heç bir beynəlxalq normaya sığmır.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, Azərbaycanın istəyi odur ki, regionda sülh, təhlükəsizlik, əminamanlıq olsun:

“Digər tərəfdən, Hindistanın Ermənistanı silahlandırması bu prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir. Sözsüz ki, İran da öz ərazisindən Ermənistana silah daşınması kimi məsələlərə yol verməməlidir. İran Azərbaycanla qonşuluq münasibətlərini nəzərə almalıdır. Bu, İranın dəfələrlə bəyan etdiyi regionda sülhün, təhlükəsizliyin təmin olunması kimi çağırışlarına ziddir”.

Komitə sədrinə görə, İran regionda sülhün təmin olunmasında maraqlıdırsa, gərək öz ərazisindən Ermənistana silah daşınmasına yol verməsin:

“Təəsüf ki, bu, İranın ilk hərəkəti deyil. 44 günlük müharibə dövründə də İran ərazisindən Ermənistana silahlar daşınıb. Azərbaycanın ardıcıl etirazlarına baxmayaraq İran bu fəaliyyətini davam etdirdi”.

Ziyafət Əsgərov bildirib ki, İran ərazisindən Ermənistana silah daşınması fəaliyyətini bu gün də davam etdirir:

“İran Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəyir. Sözsüz ki, Azərbaycanın da istəyi belədir. Amma bu gərginlik heç də Azərbaycanın günahı ucbatından baş verməyib. İrandakı Azərbaycan səfirliyinə hücumdan sonra iki ölkə arasında münasibətlərdə soyuqlaşma başladı. Ona görə də, İran Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, gərək bu kimi hallara yol verməsin.

Azərbaycan bu kimi addımları qətiyyətlə pisləyir. Faktiki olaraq Ermənistanla danışıqların getdiyi bir vaxtda onu silahlandırmaq gərginliyin daha da artmasına səbəb olacaq. Azərbaycan isə bunu istəmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər