Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Qabil bəy, Moskva Qərb rəqabəti müqabilində sülh prosesinin hansı səviyyəyə qədər inkişafı gözlənilir?
- Moskva formatı sülhyaratma prosesində arabanın 5-ci təkəri funksiyasını yerinə yetirir. Ruslar heç zaman bu bölgədə səmimi siyasət aparmayıblar. Onlar həmişə imperialist təfəkkürü ilə strateji maraqlarının ön plana çəkilməsi baxımından siyasət yürüdüblər. Başqa xalqlara isə kiçik xalq gözü ilə təkəbbürlə yanaşıblar. Ona görə də, Moskva prosesi sülhyaratma prosesi kimi təqdim edilsə də, əslində burada səmimiyyət hiss olunmur. Açıq-aşkar Qərbin sülhyaratma prosesi ilə bir rəqabət görünür. Bu rəqabətin əsas məqsədi də Rusiya təsirinin qalması niyyətlərinə xidmət edir.
- Rusiyanın burada başlıca məqsədi nədən ibarətdir?
- Şimal qonşumuzun mövqeyi destruktivdir. Xüsusilə Azərbaycana münasibətdə Rusiya qeyri-səmimi, riyakar, qıcıqlandırıcı rol oynayır. Son Moskva görüşündə də Rusiya tərəfi gedilmiş böyük yolun kiçik bir hissəsini getməyə çalışdı. Amma buna sülhyaratma prosesini sürətləndirdi demək çox çətindir. Çünki Vaşinqton və Brüsseldə Azərbaycanla Ermənistanın iştirakı ilə bu məsələlərin hamısı ciddi şəkildə müzakirə edilib.
- Azərbaycanın Rusiya və yaxud Qərbin sülh formatlarına münasibəti necədir? Necə düşünürsünüz Rusiya üçtərəfli razılaşma ilə öz üzərinə götürdüyü öhdəliklərə nə vaxta qədər qadiq qala bilər?
- Proseslə bağlı Azərbaycanın maraqlarına uyğun və beynəlxalq hüququ qane edəcək yanaşma sərgilənməkdədir. Bu baxımdan mikrofon açıq qaldı, köməkçisi gəlib Sergey Lavrova filan sözləri deməsi kimi yanaşmalar niyyəti əyri olan Kələntəryana təsir etmir. Vaxtilə Cövhər Dudayev demişdi ki, Rusiya ilə əldə edilən razılaşma su üzərinə yazılmış kimi bir şeydir. Onlar istənilən vaxt dediklərindən, imzaladıqlarından asanlıqla imtina edə bilirlər.
- Bu ilin sonuna kimi sülhün ola biləcəyi ilə bağlı açıqlamalar fonunda təxribatlar bir qədər də artmış oldu. Belə olan halda sülhlə bağlı ehtimalları necə dəyərləndirmək olar?
- Əslində sülhlə bağlı inam var. Azərbayucan Prezidenti də vurğuladı ki, Ermənistan tərəfi ərazi iddialarından imtina etsə, ilin sonuna kimi sülh əldə edilə bilər. Nikol Paşinyanın isə son günlər bir qədər qeyri-nikbin notları isə daxili auditoriyaya ünvanlanmışdı. O da bu ilin sonuna kimi sülhün əldə edilməsini nəzərə çatdırır. Üstəlik də onun son mətbuat konfransı bir xeyli konstruktiv məqamlarla yadda qaldı. Paşinyan Qarabağdakı ermənilərin hay-küy salmasına reaksiya verdi. Çara məktub yazmaq dövrünün geridə qaldığını, bunun əvəzinə Azərbaycanla dil tapmağın, inteqrasiya olunmağın yollarını axtarmaq tövsiyə edildi. Beləliklə, Paşinyan Qarabağın ermənilər yaşayan hissəsinin Azərbaycanın ərazi bütövlüyünə aid olduğunu vurğuladı. O həmçinin erməni iddiaları ilə daha 15-20 il Azərbaycanla müharibə aparmağın mümkün olmadığını dedi. Paşinyan əslində bu yolu getməyəcəyini açıqladı.
- Belə olan halda sülh müqaviləsinin imzalanması ilə bağlı məkan və vaxt seçimi necə müəyyənləşə bilər?
- Rusiya bu məsələdə də iddialı danışır. Onlar deyir ki, sülh mütləq Moskvada imzalanmalıdır. Amma bundan öncə ilkin şərt kimi Rusiya Azərbaycan ərazisini Qarabağ da daxil olmaqla tanıdığını bəyan etməlidir. Məhz bundan sonra Rusiyanın sülh müstəvisində səmimi moderatorluğuna inanmaq olar. Fakt odur ki, Rusiya qeyri-səmimi niyyətlə bu prosesə daxil olub məsələləri öz maraqlarına uyğun səmtə yönəltmək istəyir. Ona görə də, Azərbaycan və Ermənistan Brüssel formatını açıq şəkildə dəstəkləyir. Ehtimal odur ki, bu ilin sonuna kimi Brüssel prosesi uğurla bitəcək. Sülh müqaviləsi isə Moskvada deyil, Avropa şəhərlərinin birində imzalanacaq.