Prezident İlham Əliyevin Çinin “China Media Group” media koorporasiyasına müsahibəsində ikitərəfli əməkdaşlığın gələcək prespektivləri ilə bağlı səsləndirdiyi fikirlər hazırda baş verən geosiyasi proseslər fonunda rəsmi Pekinin alternativ güc kimi mühüm təsir vasitələrinə malik olması diqqət çəkir. Ölkə başçısı Azərbaycan-Çin əlaqələri ilə bağlı sualı cavablandırarkən ikitərəfli münasibətləri xarakterizə edərək bildirdi ki: “Bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır”. Əlbəttə ki, mahir diplomat və praqmatik siyasi xadim İlham Əliyev Çinin inkişaf tarixini, onun dünyada iqtisadi güc olmasını, hazırda isə strateji tarazlığı dəyişə biləcək siyasi imkanlarını yüksək qiymətləndirir.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Pekinin artan rolu Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın da diqqət mərkəzindədir: “Çünki regionlardakı vəziyyət bir-birləri ilə bağlılığa malikdir. İlk öncə qeyd etmək lazımdır ki, Çinin aparıcı Kütləvi İnformasiya Vasitələrinin Prezident İlham Əliyevə marağı bütövlükdə Çinin Azərbaycana olan marağının təzahürüdür. Bu da əsassız deyil. Azərbaycan və Çin bir çox cəhətlərlə bir-birinə bənzəyirlər. Hər iki ölkə ənənəvi cəmiyyətdir. Öz tarixininə, mədəni dəyərlərinə sadiqdir. Eyni zamanda da müasirliyə, elm və texnologiyaya, nanotexnologiyaya açıqdır. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə xüsusi diqqət çəkib: “Xüsusilə Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir”.
Professor bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra qısa müddət ərzində çoxlu sayda daxili və xarici siyasət problemlərini həll etməyi bacardı: “İqtisadi cəhətdən çökmüş, siyasi xəritədən az qala silinməkdə olan, sosial problemlərin məngənəsində sıxılan Azərbaycan müstəqilliyinin 3-cü on illiyində regionun liderinə və dünyada beynəlxalq nüfuzu artan ölkəsinə çevrildi. Biz təhlil aparsaq görərik ki, bu kontekstdə Azərbaycan və Çinin keçdiyi yollar oxşardır. Belə ki, həm Azərbaycan, həm də Çin gələcəyə yönəlmiş ölkələrdir. Və iki xalqın iqtisadi inkişaf strategiyaları bir-birinə yaxındır. Hər iki model əməkdaşlığın təşviqi və xarici tərəfdaşları ilə qarşılıqlı faydalı həllərin tapılması üzərində qurulub. Xüsusən bu, Azərbaycanın regionun əsas iqtisadi qüvvəsinə çevrilməsinə, Çinə isə kasıb və aqrar ölkədən planetin iqtisadi lokomotivinə çevrilərək “Çin iqtisadi möcüzəsi” yaratdı. Prezident İlham Əliyev müsahibəsində daha bir əsas məqamı qeyd etdi: "Xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, mən Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar görürəm. Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır”.
Beləliklə, aydın olur ki, Azərbaycan və Çin arasında ilk baxışdan göründüyündən daha çox ümumi cəhətlər var. Bakı və Pekinin gələcək imkanlara diqqət yetirməyə üstünlük verən ölkələr olması fikrinə qayıdaraq, əməkdaşlığın səviyyəsini və mövcud potensialı qeyd etmək vacibdir. Bu kontekstdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq əməkdaşlığın əsas istiqaməti kimi qiymətləndirilir. Şərqi Avropada gedən müəyyən proseslərlə əlaqədar olaraq Bakının nəqliyyat qovşağı kimi rolu dəfələrlə artıb. Təbii ki, Ukrayna hadisələri bu prosesləri sürətləndirdi, lakin bu, həm də Azərbaycanda mövcud olan ölkənin nəqliyyat potensialının uğuruna inam sayəsində mümkün oldu”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan Çin mallarının Avropa bazarlarına çıxmasına, Pekinə onun iqtisadi inkişafında kömək edən bir həlqədir: “Dövlət başçısı söhbət zamanı bu məqama ətraflı toxundu: "Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi”. Həmçinin, unutmaq olmaz ki, Azərbaycanın beynəlxalq nəqliyyat marşrutları üzərində yerləşməsi, Zəngəzur dəhlizi layihəsi ilə bağlı strategiyası yüksələn Çin üçün yeni cazibə mərkəzi yaradır. Bu mənada Bakı-Pekin əməkdaşlığının perspektivləri üçün strateji yol xəritəsinin hazırlanması aktuallaşır. Beləliklə, Çin özünü qlobal bazarlara bağlayan “Bir kəmər, bir yol” təşəbbüsünün içərisində Azərbaycanın strateji önəmini qavrayır və onun regionda sürətlə irəliləməsində maraqlı tərəf kimi çıxış edir. Çinin geniş iqtisadi-siyasi uğurları Azərbaycanla yanaşı, Türkiyənin, Avropa İttifaqının da maraqlarına uyğundur. Bu xüsusda Orta Dəhlizin strateji əhəmiyyəti daha qabarıq görünməkdədir”.
Komitə sədrinə görə, ikitərəfli münasibətlər kontekstində qeyd edilməli olan digər bir məqam kömək etmək istəyidir: “Bu, ölkələr arasında əlaqələrin qurulmasını asanlaşdıran mühüm cəhətdir. Prezident İlham Əliyev çinli jurnalistə müsahibəsində bu faktı qeyd edib: "COVİD başlayanda peyvəndlərimiz olmadığı üçün böyük problemlər yaşadıq. Və o zaman bizə peyvəndlə kömək edən yeganə ölkə Çin idi. Mən prezident Si Cinpinə kömək istəyən məktub yazdım və dərhal cavab aldım. “Biz bir milyon dozanın ilk partiyasını aldıq və yanvarın ortalarında peyvənd etməyə başladıq. Beləliklə, biz dünyada birincilər arasında olduq və bu, onun yardım siyasəti sayəsindədir. Bunu necə unuda bilərik?" Son olaraq, ərazi bütövlüyü məsələlərində ölkələrin balanslaşdırılmış mövqeyini vurğulamaq istərdim. Bu yanaşma Azərbaycan və Çini siyasi opportunistlərdən fərqləndirən beynəlxalq hüququn aliliyinə yönəlmiş ümumi siyasi fəlsəfənin elementi kimi qəbul edilməlidir”.
Hicran Hüseynovanın fikrincə, ölkələr arasında münasibətlər keçmişdə müxtəlif sahələrdə ümumi yanaşmalar əsasında inkişaf edib: “Ölkələrin ambisiyalarını və imkanlarını nəzərə alaraq əminliklə demək olar ki, bir sıra sahələrdə əlaqələrin inkişaf etdirilməsi potensialı çox genişdir. Ümumiyyətlə, Prezident İlham Əliyevin müsahibəsindəki verdiyi təhlillər, səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan və Çin mövcud potensialı reallaşdırmaq üçün həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirməlidir. Ölkələrin qarşılıqlı əməkdaşlıqdan əldə edə biləcəkləri dividendlər diqqətdən kənarda qalmayacaq qədər əhəmiyyətlidir. Bütün əlamətlər hər iki ölkənin inkişaf edən tərəfdaşlıq kursunu davam etdirmək niyyətində olduğunu göstərir”.