3 Avqust 2023 18:10
7 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ermənistandan edilən davamlı təxribatlar, separatçıların gərginliyi hər saat artırması fonunda Azərbaycan hərbçilərindən səbr, dözüm tələb olunur. Təbii ki, təxribatçılar tamam başqa niyyətdədir. Ermənistandan göndərilən yardım konvoylarının sərhəddə dayanması fonunda Xankəndidə separatçıların təhriki ilə Laçın postuna yürüş keçiriləcəyi ilə bağlı informasiyalar yayılır. Bu, sözsüz ki, növbəti açıq bir təxribat olacaq.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Xankəndidəki ermənilər Laçın postuna yürüş etsələr, burada rus sülhməramlılarının məsuliyyəti məsələsi gündəmə gələcək:

“Belə bir hal baş versə, onların rus sülhməramlıları ilə əlbir olduğu, birlikdə hərəkət etdiyi bəlli olacaq. Çünki indiyə kimi rus sülhməramlıları erməniləri Laçın yoluna buraxmayıb. Bu, ancaq razılaşdırılımış keçidlər zamanı mümkün olub”.

Politoloq hesab edir ki, Xankəndidən Laçın postuna ediləcək yürüş və sərhəddə dayanan erməni yardım konvoyu ilə uzlaşma şəraitdə addım atmaq cəhdi Azərbaycan Silahlı Qüvvələrinin, Sərhəd Xidmətinin sınağa çəkilməsi deməkdir:

“Məqsədləri odur ki, belə bir yürüş zamanı Azərbaycan Ordusu silah tətbiq etsin və bundan sonra ermənilər bunu az qala soyqırımı kimi dünyaya çatdırsın”.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan bu məsələdə konseptual prinsiplərdən çıxış edir:

“Sözsüz ki, Xankəndidən Laçın yoluna yürüş olacaqsa, burada gərginliyin artması mümkündür. Belə olan halda Azərbaycan daxili sabitliyi təmin etmək üçün addımlar atacaq. Digər bir yol Ağdam-Xankəndi yolunun girişində ermənilərin qoyduğu beton maneələri götürməklə Azərbaycan Ordusu ilə yanaşı Daxili Qoşunlar, polis Xankəndiyə daxil olaraq vəziyyəti nəzarətə ala bilər. Xankəndidəki erməniləri bu məsələlərə təşviq edən separatçılar və onların rəhbərləri həbs edilməklə digər təxribatçı addımların qarşısı alınar. Burada digər yol Xankəndi ermənilərinin reinteqrasiyaya olan münasibətidir. Azərbaycan iki dəfə belə bir təşəbbüslə çıxış edib. Bu yaxınlarda Yevlaxda görüşün olacağı açıqlandı. Amma fakt odur ki, erməni tərəfi bunu da istəmir. Belə olduğu halda Azərbaycan hansı erməni ilə danışacağını özü müəyyənləşdirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər