Yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Rusiya prezidenti Vladimir Putin arasında gözlənilərn görüşdə bölgənin gələcəyi ilə bağlı vacib müzakirələrin aparılacağı proqnozlaşdırılır. Bu görüşdə “taxıl sazişi” və Ukrayna ətrafındakı məsələlərdən savayı Qarabağda baş verən proseslər də müzakirə mövzusu olacaq. Bundan öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı və Türkiyə prezidenti ilə görüşü oldu. Bu səfərin də əsas məqsədlərindən biri Laçın yolundakı hadisələr, eyni zamanda Azərbaycan-Ermənistan danışıqların gələcəyi ilə bağlı Ankara ilə siyasi dialoqun aparılması idi.
Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, hazırkı vəziyyət Rusiya-Ermənistan münasibətlərində də soyuqluğu göstərir:
“Azərbaycan Prezidentinin Rusiya ilə bağlı çıxışlarına diqqət yetirsək, burada təmkinli bir davranış olduğu sezilir. Heç də hər şey göründüyü kimi deyil. Əslində bağlı qapılar arxasında çox ciddi məsələlər müzakirə edilir. Bunun nəticəsində Azərbaycan istədiyi bir sıra məqsədlərinə nail olacaq”.
Politoloq bildirib ki, yaxın vaxtlarda Yevlaxda Qarabağ ermənilərinin nümayəndləri ilə Azərbaycan hökumətinin təmsilçiləri arasında görüş planlaşdırılır:
“Bu görüş pressinq nəticəsində baş tutur. Eyni zamanda Qarabağın dağlıq hissəsində separatçı qurumların ləğv edilməsi də gündəmdədir. Bununla yanaşı hələ də Azərbaycan ərazisində olan qanunsuz erməni hərbi birləşmələrinin bölgəni tərk etməsi də vacib prinsip kimi qarşıda durur”.
Zaur Məmmədovun fikrincə, Nikol Paşinyanın Azərbaycanla sülh danışıqları fonunda yük konvoylarını yardım adı ilə sərhədə göndərməsi məntiqsizdir:
“Rusiya XİN sözçüsü Mariya Zaxarova da Paşinyanın bununla bağlı Azərbaycanı məlumatlandırmadığını deyib. Sözsüz ki, Moskva danışıqlarının səhəri günü Ermənistanın bu cür addım atması Rusiyanın vasitəçiliyinə kölgə salmaqdır. Burada Paşinyanın məqsədi tam aydındır. O, bölgəyə beynəlxalq missiyanın gətirilməsinə çalışır. Eyni zamanda rus sülhməramlılarını BMT-nin müşahidə missiyası ilə əvəzləmək niyyətindədir”.